İran-ABŞ danışıqları: “Həvəsləndirici siqnallar” artır

İran-ABŞ danışıqları: "Həvəsləndirici siqnallar" artır
Kateqoriya məlum deyil
T

Cenevrədə keçirilən dolayı danışıqlar çərçivəsində İran və ABŞ arasında təmaslar davam edir. Görüşlərin əsas gündəliyini İranın nüvə proqramı ətrafında yaranmış fikir ayrılıqlarının aradan qaldırılması təşkil edir. Tərəflər gərginliyi azaltmaq və diplomatik həll yolları tapmaq məqsədilə praktik təkliflər mübadiləsi aparıblar. İran prezidenti Məsud Pezeşkiyan bildirib ki, danışıqlarda artıq “həvəsləndirici siqnallar” müşahidə olunur.


Bəs sözügedən “həvəsləndirici siqnallar” nəyə işarə edir?


Politoloq Rəşad Bayramov "Sfera.az"a açıqlamasında bildirib ki, bu ifadə diplomatik dildə xüsusi məna daşıyır:


“Bu ifadə rəsmi öhdəlikdən daha çox, tərəfləri konstruktiv dialoqa cəlb edən mesajları ehtiva edir. Bu siqnallar İran üçün bir növ motivasiya rolunu oynayır və göstərir ki, ABŞ danışıqları yalnız formal proses kimi görmür, həm də Tehranı daha konstruktiv mövqeyə gətirmək üçün imkanlar yaradır. Belə mesajlar həm İranın daxili siyasi elitasına, həm də xarici auditoriyaya ünvanlanır. Daxildə xüsusən mühafizəkar qanada işarə edilir ki, danışıqların uğurlu nəticələnməsi mümkündür”.


Praktik baxımdan bu siqnallar nələri əhatə edə bilər?

 


Politoloqun fikrincə, proses bir neçə istiqamətdə inkişaf edə bilər:

 

"Birinicisi sanksiyaların yumşaldılması ola bilər. İran uranı zənginləşdirməkdən imtina edərsə, ABŞ-nin enerji ixracı, maliyyə əməliyyatları və ya humanitar ticarət sahəsində müəyyən iqtisadi güzəştlər təklif etməsi mümkündür.
İkicisi prosedur sadələşdirilməsi ola bilər. Beynəlxalq nəzarət altında İranın nüvə fəaliyyətinin müəyyən sahələrdə daha sadə şərtlərlə davam etməsinə şərait yaradılması nəzərdə tutula bilər".

 

R.Bayramov əlavə edib ki, 2015-ci ildə imzalanmış Birgə Ətraflı Fəaliyyət Planında (JCPOA) da oxşar model tətbiq edilmişdi:


“Pezeşkiyanın qeyd etdiyi siqnallar real addımlar üçün zəmin hazırlaya bilər. Bu mesajların simvolik rolu da böyükdür – onlar dialoqun mümkünlüyünü nümayiş etdirir. Lakin praktik nəticə əldə olunması üçün İranın uranın zənginləşdirilməsi ilə bağlı ‘qırmızı xətlərindən’ qismən geri çəkilməsi şərtdir. Əks halda, bu gün ortada olan müsbət ab-havadan əsər-əlamət qalmayacaq”.


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ