Ukrayna Avropanı parçalayır: Fikir ayrılıqları artıb

Ukrayna Avropanı parçalayır: Fikir ayrılıqları artıb
Kateqoriya məlum deyil
T

Slovakiyanın Baş naziri Robert Fiko Ukraynadakı müharibənin Avropa İttifaqı (Aİ) daxilində qarşılıqlı inamsızlığı artırdığını bəyan edib. O, "Facebook" vasitəsilə həmvətənlərinə etdiyi video müraciətdə bildirib ki, mövcud münaqişə Aİ ölkələri arasında birlik və koordinasiya baxımından ciddi çağırışlar yaradıb, bəzi strateji məsələlərdə isə fikir ayrılıqlarını daha da kəskinləşdirib.


Bəs Ukrayna müharibəsi Aİ daxilində hansı fundamental ziddiyyətləri üzə çıxarıb?


Politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, ittifaq daxilindəki çatların kökü daha dərindir, lakin Rusiya-Ukrayna müharibəsi bu prosesi sürətləndirib:


“Avropa İttifaqı daxilindəki fikir ayrılıqlarının bir səbəbi kimi bəzən ABŞ-nin regiondakı rolu və maraqları da göstərilir. Xüsusilə Donald Trampın prezidentliyi dövründə Avropanın vahid bir güc mərkəzi kimi formalaşmasına qarşı nümayiş etdirilən skeptik yanaşma bu proseslərə təsir edib. Böyük Britaniyanın ittifaqdan çıxması (Brexit) isə Avropada mərkəzdənqaçma meyllərinin ilk ciddi siqnalı idi. Hazırkı müharibə fonunda isə bəzi üzv ölkələrin fərqli ssenariləri nəzərdən keçirməsi bu daxili gərginliyi yenidən gündəmə gətirib”.

 


Politoloq vurğulayıb ki, üzv dövlətlər arasındakı tarixi, siyasi və iqtisadi fərqlər vahid mövqe nümayiş etdirməyə mane olur:


“Şərqi Avropa ölkələrinin bir qismi hələ də post-sovet dövrünün geosiyasi təsirlərini hiss edir, digər tərəfdən isə bəzi dövlətlər Rusiyaya qarşı kəskin sanksiyalar məsələsində iqtisadi maraqları ucbatından ehtiyatlı davranırlar. Maliyyə böhranı və enerji asılılığı kimi amillər ittifaq daxilində ortaq qərarların qəbulunu çətinləşdirir. Bütün bu faktorlar Avropa Birliyinin monolit bir qurum kimi çıxış etməsinə ciddi maneə törədir”.


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ