Koreyalılar Ukraynada müharibəni öyrənir - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ərazisində 10 minə yaxın Şimali Koreya hərbçisinin olduğunu açıqlayıb. O bildirib ki, bu qüvvələrin müasir hibrid müharibə texnikalarını öyrənməsi ciddi təhlükə yaradır.
Sfera.az xəbər verir ki, Yaponiya mediasına müsahibə verən Zelenski Şimali Koreya hərbçilərinin müxtəlif silah və texnologiyalar, o cümlədən FPV və uzaqmənzilli dronlar, həmçinin fiber-optik idarə olunan pilotsuz aparatlara qarşı müdafiə üsullarını mənimsədiklərini qeyd edib.
Onun sözlərinə görə, bu təcrübə sonradan Şimali Koreyaya daşına bilər.
Prezident, həmçinin Tokio ilə əməkdaşlıqdan danışaraq, enerji və humanitar yardım sahəsində koordinasiyanın yüksək səviyyədə olduğunu vurğulayıb. Zelenski bildirib ki, tərəflər müdafiə sənayesi istiqamətində yeni əməkdaşlıq səhifəsi açmaq niyyətindədirlər. O əlavə edib ki, Ukrayna Qara dənizdə istifadə olunan dəniz dronları, kibertəhlükəsizlik və müasir müharibə təcrübəsini bölüşməyə hazırdır. Zelenski, həmçinin Yaponiya Baş nazirini Ukraynaya dəvət edib.
Sülh danışıqları məsələsinə toxunan Zelenski Ukraynanın kompromislərə açıq olduğunu, lakin suverenlik və ərazi bütövlüyü hesabına heç bir razılaşmanı qəbul etməyəcəyini bildirib. Onun sözlərinə görə, Rusiyanın irəli sürdüyü ultimatumlar Kiyev üçün qəbuledilməzdir.
Ukrayna lideri qeyd edib ki, ölkəsi hazırkı cəbhə xətti əsasında müzakirələrə hazır olsa da, bunu artıq böyük güzəşt hesab edir və beynəlxalq hüquqa hörmət olunmasını tələb edir.
Bəsti Rəfizadə
Sfera.az
