İran qorxu və təşviş içində: Məktubun sirləri

“Reuters” agentliyinin məlumatına əsasən, rəsmi Tehran BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda hərbi təcavüz baş verəcəyi təqdirdə, bölgədəki düşmən qüvvələrinin bazalarını, obyektlərini və aktivlərini qanuni hədəf hesab edəcəyini bildirib. İranın BMT-dəki Daimi Nümayəndəliyinin məktubunda qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı ritorikası real hərbi təcavüz təhlükəsindən xəbər verir.
Bəs bu məktub İranın ABŞ hücumuna tam əmin olduğu mənasına gəlirmi?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Çingiz Şahbazi bildirib ki, sözügedən məktubun məzmunu Vaşinqtonla Tehran arasındakı gərginliyin pik həddə çatdığını göstərir.
Ekspert qeyd edib ki, İran bu addımı ilə dünya ictimaiyyətinə müharibə istəmədiyini nümayiş etdirir:

"Məktubda ifadə olunur ki, İran müharibə tərəfdarı deyil, lakin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qala bilər. Əgər hərbi hücum baş verərsə, bölgədəki düşmən mövqeləri, xüsusilə ABŞ-nin hərbi bazaları və aktivləri İran üçün qanuni hədəf olacaq. Bu, Tehranın Vaşinqtona ünvanladığı həm diplomatik, həm də psixoloji xəbərdarlıqdır".
Ekspertin fikrincə, rəsmi Tehran ABŞ-nin ritorikasını real militarist risk kimi qiymətləndirir və bunun region üçün fəlakətli nəticələr doğuracağını vurğulayır. Ç.Şahbazi əlavə edib ki, məktubun tonu İranın ciddi təşviş içində olduğunu üzə çıxarır:
“Məktubun məzmunu deməyə əsas verir ki, Trampın sərt bəyanatları və ABŞ-nin bölgədəki hərbi manevrləri İrana qarşı əməliyyat riskini kifayət qədər artırıb. Bu baxımdan, İran ABŞ-nin hücum planından demək olar ki, əmindir. Rəsmi Tehran bu təhlükənin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edir ki, məsələ vaxtilə nüvə danışıqlarında olduğu kimi, yenidən diplomatik yollarla həll edilsin”.
Fidan Hacızadə
Sfera.az
