ABŞ bu rejimləri dəyişdirəcək - Gizli danışıqlar gedir

ABŞ bu rejimləri dəyişdirəcək - Gizli danışıqlar gedir
Kateqoriya məlum deyil
T

ABŞ Dövlət katibi Marko Rubionun Kubanın Dövlət Şurası və Nazirlər Şurasının keçmiş sədri Raul Kastronun nəvəsi Raul Qilyermo Rodriqes Kastro ilə Kubanın gələcəyi barədə gizli danışıqlar apardığı bildirilib. Bu barədə “Axios” portalı məlumat yayıb. Məlumata görə, danışıqlar Kuba hökumətinin rəsmi kanallarından kənar aparılır. Belə görünür ki, ABŞ Kubada da rejim dəyişikliyi niyyətini gündəmdə saxlayır.


Ümumilikdə, Donald Trampın prezident seçilməsindən sonra bir neçə ölkədə mövcud olan rejimlərə qarşı təzyiqlər artıb. Bundan əvvəl Venesuelada rejim zəiflədilmiş və Vaşinqtonun maraqlarına uyğun idarəçilik modelinin formalaşdırılmasına başlanılmışdı. İranda da rejimin dəyişdirilməsi məsələsinin müzakirə olunduğu iddia edilir.


Sfera.az-a açıqlama verən sabiq deputat, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlunun sözlərinə əsasən, Tramp hakimiyyətə ikinci dəfə gəldikdən sonra ümumilikdə Qərb yarımkürəsində ABŞ-nin tam nəzarətinin təmin olunmasını xarici siyasət strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirib və bunun ardınca bir sıra addımlar atıb.

 

Siyasətçi Venesuelada prezidentin həbs edilməsi cəhdi, onun ardınca isə Trampın konkret bir sıra ölkələrin adlarını çəkməsinin mesaj olduğunu vurğulayıb:


“Bunların içərisində Kuba da mövcuddur və əsas məqsəd dünyanın digər güclərinin, xüsusilə də Çinin və Rusiyanın Qərb yarımkürəsində, yəni Amerika qitəsində təsir imkanlarını tamamilə azaltmaqdır. Düzdür, Venesuelada prezidentin ələ keçirilməsi özü məhdud bir proses idi; yəni Maduro həbs olunsa da, onun rejimi yerində qaldı və ABŞ müxalifətlə işləmək istəmədi. Onun ardınca isə Kuba ilə bağlı ABŞ-nin ritorikası getdikcə daha da sərtləşir. Məlumat üçün deyim ki, Kubanın istifadə etdiyi neftin təxminən 50 faizi Venesuela tərəfindən təchiz edilirdi. ABŞ buna ciddi məhdudiyyətlər qoydu və bu da hazırda Kuba iqtisadiyyatına ciddi mənfi təsir göstərməkdədir. Həmçinin Kubaya enerji daşıyıcıları satan ölkələrə də ABŞ tərəfindən ciddi sanksiya təzyiqləri edilir. ABŞ-nin 'Axios' nəşrində Tramp administrasiyasının Dövlət katibi Rubionun "Kiçik Kastro" ilə gizli danışıqlar aparması barədə məlumatın yayılması, hesab edirəm ki, siyasi sürpriz deyil, gözləniləndir. Bu, ABŞ-nin ayrı-ayrı ölkələrdə tez-tez tətbiq etdiyi taktikadır”.


E.Mirbəşiroğlunun sözlərinə əsasən, ABŞ gənc nəsildən istifadə edərək öz siyasətini yürüdür:


“Yəni rejimi içəridən aşındırmaq üçün belə bir metoda əl atıla bilər. Gənc nəslin artıq inqilabi dəyərlərlə bağları çox deyil. Onlar əsasən kapitalizmə və biznesə meyillənirlər. Buna görə də ABŞ-nin gənc Kastro ilə gizli danışıqlara getməsi gözləniləndir. Düzdür, Kuba rəsmiləri bu barədə hər hansı açıqlama vermirlər, amma düşünürəm ki, ABŞ-nin Kubada rejimi dəyişmək niyyəti mövcuddur. Bir qayda olaraq ABŞ təcrübəsindən çıxış etsək, görərik ki, bu zaman bir neçə üsuldan istifadə edilir. Bunlardan biri daxildə siyasi həmrəyliyi zəiflətmək, yəni rejim daxilində parçalanmanı şərtləndirəcək addımların atılmasıdır. Kubada isə rejimin əsasında Fidel Kastro və Raul Kastronun xətti, baxışları dayanır. Ona görə də məhz gənc Kastronun ABŞ tərəfindən ələ alınması ehtimalları haqqında düşünmək mümkündür. Həm də bildiyimiz kimi, ABŞ Kubanın ixrac məhsullarına embarqoların tətbiqi istiqamətində addımlar atır və digər ölkələrin Kubaya ixracını maksimum məhdudlaşdırmağa çalışır. Yəni bir neçə siyasi, iqtisadi, hətta hərbi xarakterli təzyiqlərlə ABŞ Kubada rejimi dəyişdirməyə çalışır. Amma Kubada, Venesueladan fərqli olaraq, rejim daha dayanıqlıdır və orada ideoloji komponentlər də kifayət qədər möhkəmdir. Hesab edirəm ki, sistemli şəkildə inqilabi dəyərlər gənc nəsillərə də ötürülür”.

 

 

Eks-parlamentari Trampın hakimiyyəti Kuba ilə yanaşı, Kolumbiyada da dəyişdirmək istədiyini bildirib:


“Əsas məqam ondan ibarətdir ki, Tramp bunu öz dili ilə səsləndirib. ABŞ Venesuelada əməliyyatlar həyata keçirən zaman Kuba tərəfindən dəstək almadı, yəni Kuba bu mənada ABŞ-ni nə siyasi, nə də praktiki cəhətdən dəstəkləmədi. Tramp 'mənimlə deyilsənsə, mənə qarşısan' prinsipi ilə hərəkət edir. Ona görə də Kubadakı rejim ABŞ administrasiyası üçün arzuolunan deyil. Həmçinin Nikaraquada rejim dəyişikliyi ABŞ üçün daha çox arzu olunur və hesab edilir ki, Nikaraqua rəhbərliyi Rusiya ilə sıx əlaqələrə malikdir. Buna görə Qərb yarımkürəsində Rusiyanın və Çinin təsirini azaltmaq üçün Nikaraquada rejim dəyişikliyi təsirli ola bilər. Bundan başqa, Meksikada da ABŞ hakimiyyətin dəyişdirilməsinin tərəfdarı kimi çıxış edir. Düzdür, bunu Meksikanın geosiyasi mövqeyi ilə izah etmirlər, sadəcə Meksikadan Amerikaya ixrac olunan cinayətkarlığın və narkoticarətin qarşısını almaq məqsədilə əsaslandırırlar.


Bundan əlavə, İranda rejimin dəyişdirilməsi də ABŞ üçün maraqlıdır və Tramp İranda rejimin dəyişdirilməsinin ən yaxşı hadisə ola biləcəyini bir neçə gün əvvəl səsləndirdi. Uzun müddətdir İrana sanksiyaların tətbiq edilməsi və gələcək planlar təkcə İranın nüvə proqramına qarşı yönəlməyib; hesab edirəm ki, ABŞ İranda da rejim dəyişikliyində maraqlıdır. Yəni ümumilikdə ABŞ ona loyal olmayan bütün ölkələrdə rejimlərin dəyişdirilməsində maraqlıdır. Bu, sirr deyil və ABŞ rəsmiləri həm ritorik olaraq, həm də praktik addımlarında bunu aydın nümayiş etdirirlər”.

 

Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ