Zelenksi Cenevrə görüşündən danışdı: "Yekunlaşmağa yaxındır"

Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrənin Cenevrə şəhərində ABŞ, Rusiya və Ukrayna arasında keçirilmiş üçtərəfli danışıqlar barədə açıqlama verib. Prezidentin sözlərinə görə, görüşlərdə siyasi məsələlərdən daha çox hərbi sahədə irəliləyişlər əldə edilib.
Sfera.az xəbər verir ki, Zelenski bildirib ki, 17 fevralda başlayan və dünən başa çatan danışıqlarda hərbi və siyasi məsələlər ayrı-ayrılıqda müzakirə olunub.
Tərəflər, mümkün atəşkəs zamanı prosesi izləmək üçün mexanizmlər barədə irəliləyiş əldə ediblər.
Prezident qeyd edib:
“Hərbi qrupdakı danışıqları siyasi qrupa nisbətən yekunlaşdırmağa daha yaxınıq”.
O, həmçinin atəşkəs təmin olunacağı halda prosesi izləmək üzrə ən böyük məsuliyyətin ABŞ-yə aid olacağını vurğulayıb.
Zelenski, Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcəyi təqdirdə böhranı həll etmək üçün yalnız vacib məsələləri müzakirə etmək istədiyini bildirib:
“Bu müharibəni tez bir zamanda bitirməliyik. Buna görə də Putin ilə yalnız belə məsələlər barədə danışmaq istəyirəm”.
Prezident həmçinin NATO ilə əlaqələr və Rusiya arasında mümkün sənədlər barədə danışıb:
“Amerikalıların və bəzi Avropalıların NATO ilə Rusiya arasında yeni sənəd üzərində danışıqlar apardığını bilirəm. Amma mənim üçün vacib olan NATO-dakı potensial mövqeyimizi bizimlə də müzakirə etmələridir”.
Bu açıqlamalar Ukrayna-Rusiya müharibəsində diplomatik səylərin davam etdiyini və atəşkəs mexanizminin formalaşdırılması istiqamətində işlərin aparıldığını göstərib.
Bəsti Rəfizadə
Sfera.az
