Dünya bu iclası izləyir: Vaşinqtonda Sülh Şurası toplanır

Dünya bu iclası izləyir: Vaşinqtonda Sülh Şurası toplanır
Kateqoriya məlum deyil
T

Bu həftə Vaşinqtonda ABŞ rəhbərliyi və bir sıra beynəlxalq tərəfdaşların iştirakı ilə Sülh Şurasının (Peace Council) ilk iclası keçiriləcək. Tədbirdə qlobal təhlükəsizlik, regional münaqişələrin həlli və diplomatik əməkdaşlığın gücləndirilməsi kimi strateji mövzular müzakirə olunacaq. İclasda həmçinin iştirakçı ölkələr arasında yeni əməkdaşlıq mexanizmlərinin qurulması və mövcud beynəlxalq qanunvericiliyin təkmilləşdirilməsi yolları araşdırılacaq.


İclas çərçivəsində tərəflərin birgə fəaliyyət strategiyası, konfliktlərin qarşısının alınması və qlobal sülhün qorunması istiqamətində atılacaq ilkin addımların müəyyənləşdirilməsi gözlənilir.

 

Bəs Vaşinqtondakı bu ilk görüş gələcəkdə yeni bir beynəlxalq tənzimləmə orqanının meydana çıxmasına səbəb ola bilərmi?


Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurası ilk növbədə Qəzzada sülhün təmin olunması və bölgənin yenidən qurulması işlərini koordinasiya etmək məqsədi daşıyır:

 


“Bu qurumun əsas missiyası uzun illər davam edən münaqişənin yaratdığı dağıntıları aradan qaldırmaq, humanitar yardımları təşkil etmək və yerli infrastrukturun bərpasına dəstək verməkdir. İlk mərhələdə Sülh Şurası bölgədə sülh prosesini təşviq etməklə yanaşı, diplomatik əməkdaşlığı da gücləndirməyə çalışacaq. Qurum yaradılarkən müeşitlif ehtimallar irəli sürülüb. Bəzi rəylərə görə, gələcəkdə bu struktur BMT-ni əvəz edə və ya beynəlxalq münaqişələrin həllində tamamilə yeni bir tənzimləmə formatı kimi çıxış edə bilər. Lakin qurum hələ fəaliyyətinin başlanğıcında olduğu üçün bu barədə indidən dəqiq proqnoz vermək çətindir”.


Ekspertin fikrincə, Sülh Şurasının uğuru onun qarşısına qoyduğu sülh və bərpa missiyasını nə dərəcədə effektiv yerinə yetirməsindən asılı olacaq:


“Əgər qurum bölgədə real nəticələr göstərərək sülh prosesini uğurla idarə edə bilsə, bu, gələcəkdə digər regional və beynəlxalq münaqişələrin həllində də eyni formatın tətbiqinə yol aça bilər. Yəni Sülh Şurasının beynəlxalq arenadakı rolu birbaşa ilkin fəaliyyətlərin səmərəliliyi ilə bağlı olacaq. Bu baxımdan Vaşinqtonda keçiriləcək ilk iclas böyük əhəmiyyət kəsb edir. Burada qurumun fəaliyyət strategiyası, əməkdaşlıq mexanizmləri və prioritet sahələr müəyyənləşəcək. Dünya ictimaiyyəti bu prosesi diqqətlə izləyir”.

 

Bəsti Rəfizadə
Sfera.az


 

PAYLAŞ