ABŞ Suriyadan çəkilir

ABŞ Suriyadan çəkilir
Kateqoriya məlum deyil
T

ABŞ Suriyada qalan bütün qoşunlarını çıxarır. Bu barədə ABŞ mediası məlumat yayıb. Məlumata görə, yaxın iki ay ərzində ABŞ-nin qalan əsgərləri də Suriyadan çıxarılacaq. Bununla Suriya üzərində mövcud hökumətin nəzarəti qismən bərpa olunacaq və Türkiyə-Suriya sərhəddində terrorçular qalmayacaq. Yalnız İsraillə sərhəddə yerləşən ərazilər Suriya dövlətinin nəzarətinə keçməyəcək. Bu ərazilər hələlik İsrail ordusunun nəzarəti altındadır.


Maraqlıdır, hansı şərtlər daxilində İsrail də öz əsgərlərini Suriya ərazisindən çıxara bilər? Suriya üzərində tam nəzarət nə zaman rəsmi Dəməşq hakimiyyətinin əlinə keçə bilər?


Sfera.az-a bu haqda açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikirlərinə əsasən, ABŞ-nin uzun müddətdir Suriyada yerləşən hərbi hissələrini çıxarması, Yaxın Şərqdən tamamilə çəkilməsi anlamına gəlməməlidir:

 


“Çünki bütün bunlar ABŞ-nin Yaxın Şərqdə və Körfəzdə yeni bir Suriya yaratmaq niyyətləri ilə bağlı ola bilər. Yəni 2011-ci ildən 2024-cü ilə qədər davam edən Suriya böhranının başqa bir versiyasını başqa bir ölkədə yarada bilər. Qoşunların çıxarılması da bununla əlaqədar ola bilər. 7000-ə yaxın İŞİD terrorçusunun Suriyadan çıxarılması da bununla əlaqədar ola bilər, çünki onlar İraqa daşınır; onlar hazır döyüşçülərdir, hazır terrorçulardır. Və bütün bunlar onu göstərir ki, Yaxın Şərq yenə də ABŞ üçün bir nömrəli problematik coğrafiya olaraq qalır. Ona görə də biz ABŞ ordusunun çəkilməsini İsrailin Suriyada nəzarət altında saxladığı ərazilərdən geri çəkilməsi ilə eyniləşdirə bilmərik. Bu, tamamilə başqa məsələdir və bəhs etdiyimiz ərazilər 2011-ci ildən əvvəl də Suriyanın nəzarətində idi. Hafiz Əsəd dövründə də Suriyanın nəzarətində idi, Bəşər Əsəd dövründə də Suriyanın nəzarətində idi”.


Deputat proseslərin son dövrlərdə bir qədər də genişləndiyini qeyd edib:


“Ona görə də bu, nə vaxtsa fərqli bir problem kimi ortaya çıxa bilər və tamamilə ayrıca həll yollarını tələb edə bilər. Hələlik isə demək olar ki, Suriya öz ərazisində nəzarəti tam bərqərar etmək üçün addımlar atmaqdadır. Amma bu da tam nəzarət deyil. Çünki bəzi SDF (SDQ) kimi qüvvələr ləğv edilmir. Onlar Suriya ordusuna inteqrasiya olunurlar, xüsusi status əldə edirlər, hətta Suriyanın xarici siyasətində də müəyyən rol oynamaq istəyirlər. Mənə görə, bu, İsrailin Suriya ərazisində hansısa hissələrə nəzarət etməsindən daha təhlükəlidir. Ona görə də Suriyanın öz torpaqlarında tam nəzarəti bərqərar etməsi üçün hələ uzun illər lazım olacaq”.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ