Daha bir ölkə qadağan edəcək - Sosial media təhlükə yaradır

İrlandiya hökuməti sosial media istifadəsinə yaş məhdudiyyəti tətbiq etməyi planlaşdırır. Məlumata görə, hökumət yaxın günlərdə bu qərarla bağlı rəsmi açıqlama verəcək.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hazırlanan plan çərçivəsində 16 yaşdan aşağı uşaqların sosial media platformalarından istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.
Təşəbbüs onlayn təhlükəsizliyin gücləndirilməsi məqsədi daşıyır və Nazirlər Kabinetinin müzakirəsinə çıxarılacaq yeni "Rəqəmsal və Süni İntellekt Strategiyası”nın əsas istiqamətlərindən biri olacaq.
Məsələ, həmçinin İrlandiyanın Avropa İttifaqı sədrliyi dövründə prioritet mövzular sırasında yer alıb. Hökumət Avropa səviyyəsində ortaq addımların atılmasını üstün tutsa da, zərurət yaranacağı təqdirdə ölkənin təkbaşına qərar verəcəyi bildirilib.
İrlandiyanın ictimai yayımçısı RTE-nin məlumatına görə, strategiya çərçivəsində ilk mərhələdə yaşın təsdiqlənməsi üçün xüsusi alətin pilot tətbiqinə start veriləcək. Gənclərin də cəlb ediləcəyi sınaq mərhələsində sistemin praktikada necə işlədiyi qiymətləndiriləcək.
Sənəddə, həmçinin süni intellekt texnologiyalarından təhdid və təzyiq məqsədilə istifadə hallarına qarşı qanunvericiliyin mütəmadi olaraq yenilənməsinin vacibliyi vurğulanıb. Hökumət bu istiqamətdə Avropa İttifaqının Süni İntellekt Aktının 5-ci maddəsində yer alan qadağan olunmuş tətbiqlər siyahısının aktuallığının qorunması üçün Avropa Komissiyası ilə əməkdaşlıq etməyi planlaşdırır.
Bəsti Rəfizadə
Sfera.az
