İranla bağlı "qırmızı xətt" - ABŞ bunu gözləyəcək

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, rəsmi Vaşinqton İranla danışıqlarda bir sıra "qırmızı xətlər" müəyyən edib. Vitse-prezident qeyd edib ki, ABŞ-nin əsas məqsədi İranın nüvə silahı əldə etməsinə imkan verməməkdir. Vensin sözlərindən belə anlaşılır ki, İran uranın zənginləşdirilməsindən tam imtina edərsə, müharibə təhlükəsi aradan qalxa bilər.
Sfera.az-a açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib ki, ABŞ-nin vitse-prezidenti tərəfindən səsləndirilən “qırmızı xətt” ifadəsi rəsmi Vaşinqtonun İranla danışıqlarda artıq daha konkret və sərt çərçivə müəyyən etdiyini göstərir.
Onun sözlərinə görə, ABŞ üçün əsas prioritet İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır:

“Bu mövqe yeni deyil, lakin son aylarda Yaxın Şərqdə artan gərginlik və İsrail–İran qarşıdurması fonunda daha kəskin formada ifadə olunur. Əgər İran uranın zənginləşdirilməsindən tam imtina etsə, bu, şübhəsiz ki, hərbi toqquşma riskini ciddi şəkildə azaldar. Çünki müharibə ssenarisinin əsas motivi məhz İranın potensial nüvə silahı imkanlarıdır. Lakin məsələ yalnız zənginləşdirmə ilə məhdudlaşmır”.
Ü. Zülfiqar vurğulayıb ki, ABŞ və onun regional müttəfiqləri üçün İranın ballistik raket proqramı, regiondakı silahlı qruplara dəstəyi və ümumi təhlükəsizlik arxitekturasına təsiri də eyni dərəcədə önəmlidir:
“Bundan başqa, ABŞ üçün etimad məsələsi də mühüm amildir. İranın sadəcə bəyanat verməsi kifayət etməyəcək; xüsusi mexanizmlər, beynəlxalq monitorinq və uzunmüddətli zəmanətlər tələb olunacaq. İranın zənginləşdirmədən imtinası müharibə riskini əhəmiyyətli dərəcədə azalda bilər, lakin təhlükənin tam aradan qalxması üçün daha geniş təhlükəsizlik paketi, regional balans və siyasi iradə tələb olunur. Məsələ artıq təkcə nüvə texnologiyası deyil, bütövlükdə Yaxın Şərqdə güc balansının necə formalaşacağı ilə bağlıdır”.
Fidan Hacızadə
Sfera.az
