İranın Hörmüz "təlimi" - Boğaz bağlana bilər

İranın ABŞ ilə nüvə proqramı üzrə növbəti dolayı danışıqların keçirildiyi vaxtda mühüm strateji su yolu olan Hörmüz boğazını müvəqqəti bağlaması diqqətlərdən yayınmayıb.
Məlumata əsasən, Hörmüz boğazı hərbi təlimlər keçirildiyi üçün bağlanıb. Bu boğaz Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli boğazdır. Buradan Yaxın Şərqin neft hasilatçısı ölkələri Asiya, Avropa, Şimali Amerika və digərlərinə neft göndərir. Dünya neftinin təxminən 20%-i Hörmüz boğazından keçməklə daşınır. Məhz bu kontekstdə boğazın bağlanması ilə bağlı bəzi fərziyyələr gündəmə gəlib.
Maraqlıdır, İran ordusu bu təlimi ilə Hörmüz boğazının bağlanması əməliyyatına hazırlaşır? Təlimlər buna hazırlıq ola bilərmi?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Yusif Bağırzadə vəziyyətin kifayət qədər gərgin olduğunu qeyd edib:

“Bildiyiniz kimi, həmin bölgədə ABŞ-a məxsus hərbi qüvvələr, yəni hərbi gəmilər də yerləşir. Onlar da həmin əraziyə yaxın bölgələrə yerləşdiriliblər. Ona görə də vəziyyət bir qədər də gərginləşir. Ötən gün Oman dövlətində İran nümayəndəsi ilə ABŞ nümayəndəsi arasında birbaşa olmayan, yəni Oman dövlətinin xarici işlər nazirinin vasitəçiliyi ilə üçtərəfli görüş keçirildi. Belə bir razılığa gəlinib ki, danışıqlar iki həftə müddətinə təxirə salınsın. Göründüyü kimi, tərəflər bir-birinə təkliflər irəli sürüblər. ABŞ tərəfindən həmin görüşdə Trampın xüsusi elçisi Vitkoff (Witkoff) və kürəkəni Kuşner iştirak edirdi. İran tərəfindən isə İranın xarici işlər naziri iştirak edirdi. Əraqçinin verdiyi bəyanatdan belə məlum olur ki, tərəflər bir-birinə təkliflər irəli sürüb, ancaq bu təkliflərin konkret detalları açıqlanmır. Bilinən odur ki, İran tərəfi uranın zənginləşdirilməsi prosesini dayandırmaq istəyir və məhsulun üçüncü tərəfə, məsələn, Rusiyaya ötürülməsini təklif edir”.
Politoloq İranın ballistik raket proqramını da müvəqqəti dayandırdığını vurğulayıb:
“Bu müddət üçün isə üç-beş il arasında bir dövr nəzərdə tutulur və bu müddət ərzində İran zənginləşdirmə fəaliyyətini dayandıracaq. Bunun müqabilində ABŞ tətbiq olunan sanksiyaların aradan qaldırılmasını təklif edir. Ancaq bu təkliflər hazırda Tramp tərəfindən təsdiqlənməyib. İranın dini lideri Əli Xamenei isə bu məsələyə razılıq verib.
Tərəflər razılaşırlar ki, iki həftədən sonra yenidən görüş keçirilsin və bir-birinə verdikləri təkliflər, təhdidlər müzakirə olunsun. İran tərəfi bildirir ki, əgər ona qarşı hər hansı bir hücum baş verərsə, Hörmüz boğazını bağlayacaq. Bildiyiniz kimi, oradan kifayət qədər böyük həcmdə neft məhsulları daşınır və boğaz bağlansa, bu, dünya bazarında neftin qiymətinə ciddi təsir göstərə bilər. Buna görə də boğazın bağlanması digər ölkələrə sərf etməz. Amma reallıqda Hörmüzün bağlanması ehtimalı görünür”.
Bəsti Rəfizadə
Sfera.az
