Oman görüşü: Nəticə olacaqmı?

Oman görüşü: Nəticə olacaqmı?
Kateqoriya məlum deyil
T

ABŞ və İran nümayəndələri arasında Omanda keçiriləcək növbəti görüş tərəflər arasında son aylarda intensivləşən diplomatik təmasların necə sonlanacağı haqqında suallar doğurub. Müzakirələrin əsas gündəliyini nüvə proqramı ətrafındakı məhdudiyyətlər, sanksiyaların mümkün yumşaldılması, regional təhlükəsizlik məsələləri və gərginliyin azaldılması təşkil edir.


Lakin bugünkü görüşün “son görüş” olub-olmayacağı maraq doğurur. Hazırkı mərhələdə tərəflər arasında müəyyən yaxınlaşma siqnalları müşahidə olunsa da, hələ ciddi fikir ayrılıqları qalır. Diplomatik praktika göstərir ki, bu cür mürəkkəb və uzun illər davam edən qarşıdurmalar bir-iki raund danışıqlarla həll olunmur. Əksinə, tərəflər adətən əvvəlcə prinsipial mövqeləri yaxınlaşdırır, daha sonra texniki detalları müzakirə edir və yalnız bundan sonra yekun sənədə doğru irəliləyirlər.


Sfera.az-a bu haqda açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, bu dialoq rəsmi razılaşmadan daha çox növbəti dəfə etimad yaratmaq və mövqeləri sınamaq məqsədi daşıyır:

 


“Oman uzun müddətdir tərəflər üçün neytral və etibarlı vasitəçi kimi çıxış edir və burada keçirilən görüşlər tarixən ciddi siyasi nəticələrə zəmin hazırlayıb. Məlumdur ki, ABŞ və İran arasında diplomatik kanallar bir neçə mərhələdə aktivləşib; əsasən nüvə proqramı, iqtisadi sanksiyalar və regional təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılıb. ABŞ tərəfi hələ də sanksiyalardan istifadə edərək İrana qarşı maksimum diplomatik təzyiqi qorumaq niyyətindədir və bu təzyiqi paralel olaraq güc nümayişi ilə də möhkəmləndirir. Vaşinqton nüvə fəaliyyətinin beynəlxalq standartlara uyğun tənzimlənməsi və Yaxın Şərqdə regional sabitliyin təmin olunması məsələlərində nəticələr görmək istəyir. İran isə sanksiyaların yüngülləşdirilməsini, iqtisadi təzyiqin azaldılmasını və nüvə proqramının dinc məqsədlər üçün zənginləşdirilməsini əsas prioritet hesab edir. Bundan əlavə, Tehran ballistik raket sistemləri və regional qruplara dəstək məsələsinin müzakirəsini qətiyyən mümkün hesab etmir”.


Ekspert ABŞ və İranın bir-birinə qarşı ehtiyatlı mövqeyinin dərhal yekun razılaşma əldə olunmasını çətinləşdirdiyini vurğulayıb:


“O baxımdan da bugünkü görüş, ehtimal ki, ‘son görüş’ olmayacaq. Əksinə, onun əsas funksiyası tərəflərin mövqelərini dəqiqləşdirmək, kompromis sahələrini müəyyənləşdirmək və davamlı dialoq mexanizminə zəmin yaratmaqdır. Omandakı görüş çoxmərhələli diplomatik prosesin növbəti hissəsi kimi qiymətləndirilə bilər. Daxili siyasət təzyiqləri də prosesin sürətini müəyyən edir. Hər iki tərəf üçün daxili siyasi şərait, iqtisadi təsirlər və ictimai gözləntilər təzyiq mənbəyidir. ABŞ tərəfi mümkün qarşıdurmanı idarəolunan səviyyədə saxlamaq, İran isə sanksiyalar fonunda dialoqu davam etdirməklə mövqelərini qorumağa çalışır. Yekun həll üçün növbəti danışıqlar və qarşılıqlı etimad tədbirləri tələb olunur”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ