İsrail HƏMAS-a vaxt verdi: Əməliyyatlar genişlənə bilər

İsrail HƏMAS-a vaxt verdi: Əməliyyatlar genişlənə bilər
Kateqoriya məlum deyil
T

Xarici media orqanlarında yer alan xəbərlərə görə, İsrail HƏMAS-a silahların təhvili üçün 60 gün vaxt verib. Məlumata əsasən, əgər HƏMAS bu müddət ərzində İsrail hökumətinin tələblərinə əməl etməsə, İsrail ordusu Qəzzada yeni əməliyyatlara başlaya bilər.


İsrailin tələbinə Tramp administrasiyasının da isti yanaşdığı qeyd olunur. Ehtimal edilir ki, xəbərdarlıq 19 fevralda keçiriləcək Sülh Şurası konfransı günü qüvvəyə minəcək.


Sfera.az-a açıqlama verən siyasi ekspert Çingiz Şahbazi bildirib ki, İsrailin HƏMAS-a silahları təhvil vermək üçün 60 gün vaxt qoyacağı və bununla bağlı fevralın 19-da Vaşinqtonda keçiriləcək Sülh Şurası konfransı günü xəbərdarlıq ediləcəyi barədə məlumatlar İsrail rəsmilərinin bəyanatlarında yer alsa da, rəsmi olaraq təsdiqlənməyib:

 


“Amma İsrail Nazirlər Kabinetinin katibi Yossi Fuçs çıxışı zamanı bildirib ki, ABŞ tərəfindən təklif olunan plan çərçivəsində HƏMAS-a tərksilah üçün 60 gün müddət verilə bilər, əks halda İsrail əməliyyatları davam etdirəcəyini bəyan edib. HƏMAS isə bu barədə rəsmi xəbərdarlıq almadığını açıqlayıb. Əslində, İsrail rəsmisinin bəyanatı ABŞ-nin sülh planı çərçivəsindəki demilitarizasiya ilə əlaqədardır və bu məsələ hazırda gündəmdədir. Rəsminin açıqlaması məhz bu şərtlərə uyğun olaraq verilib. Yəni bu tip xəbərdarlıqlar tərəflər arasında silahsızlanma və siyasi həll yolunu dəstəkləyən beynəlxalq mexanizm rolunu oynayır”.


Ç.Şahbazi HƏMAS-ın reaksiyasının rəsmi xəbərdarlığın daxil olmaması ilə əlaqələndirildiyini qeyd edib:


“Bu da onu göstərir ki, əldə edilmiş hər hansı razılaşma hələ tamamlanmayıb. HƏMAS silahları sadəcə təhvil verməklə məsələnin bitmiş hesab olunmadığını bildirir. Bəyanatın HƏMAS-ın tələblərinə uyğun şərtləri, eyni zamanda siyasi statusun qorunması və təhlükəsizlik zəmanətləri ilə bağlı tələblər danışıqlar prosesində çətinliklər yaradır. Əlbəttə ki, İran və regiondakı digər qüvvələrin təsiri tamamilə aradan qalxmayıb. İranın proksi qüvvələr vasitəsilə əlində saxladığı təsir imkanları regional balanslar baxımından vəziyyəti hələ də mürəkkəb saxlayır. Bu baxımdan, İsrail rəsmisinin bəyanatı ABŞ-nin Sülh Şurası planına münasibətdə müəyyən inamsızlığı da əks etdirir”.


Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ