Zelenski razıdır: "Bütün təklifləri qəbul etdik"

Volodimir Zelenski ölkəsinin ABŞ-nin təklif etdiyi bütün məqbul variantlara razılıq verdiyini bildirib. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
"Biz Amerika tərəfindən irəli sürülmüş bütün məqbul təklifləri qəbul etdik, o cümlədən atəşkəs təklifini", - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Ukrayna ilə bağlı növbəti danışıqlar raundu Cenevrədə keçiriləcək və 17-18 fevral tarixlərinə planlaşdırılıb. Görünür, Ukrayna müharibənin bitməsini istəyir, bəs Rusiyanın istəyi nədir və Putin nəyə görə razılığa gəlmir?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Əziz Əlibəylinin sözlərinə görə, Zelenskinin açıqlaması Ukraynanın əslində kompromisə hazır olduğunu göstərir:

"ABŞ tərəfindən irəli sürülən məqbul variantların, o cümlədən uzunmüddətli atəşkəsin təklif edilməsi də müharibənin bitməsinə yönəlik olduğunu göstərir. Açıqca, Moskva özünün təhlükəsizliyini və maraqlarını ələ keçirdiyi torpaqlar prizmasından ön plana çıxarır və NATO məsələsini həmişə risk hesab etdiyini dəfələrlə deyib".
Politoloq bu vəziyyətin müsbət tərəflərini də izah edib:
"Müsbət tərəfi odur ki, Ukrayna əslində ABŞ ilə kompromisə açıq olduğunu bildirib. Amma Rusiyanın mövqeyi dəyişməyib. Real nəticə əldə olunması üçün humanitar məsələlər, əsir mübadiləsi, mülki əhalinin təhlükəsizliyi həll edilməlidir. Belə ki, hətta bir dəqiqəlik atəşkəs olsa belə, davam edən bir proses müşahidə olunsun. Amma hazırda aparılan görüşlər müharibənin bitməsini təmin etməsə belə, gərginliyi azaldır. Yəni yalnız bu prizmadan yanaşmaq olar".
Bəsti Rəfizadə
Sfera.az
