Avropa rəqabət qaydalarını yüngülləşdirir - AÇIQLAMA

Avropa Komissiyası (AK) Avropa İttifaqı ölkələrinin bazarlarında dominant mövqelərə sahib olan, həmçinin qlobal iqtisadi və texnoloji liderlik uğrunda rəqabət aparacaq sənaye və rəqəmsal korporasiyalar yaratmaq məqsədilə rəqabət qaydalarını yumşaltmağa hazırlaşır. Bu barədə AK prezidenti Ursula fon der Lyayen bildirib.
Belə yumşaldılmış rəqabət qaydaları uzunmüddətli perspektivdə Avropa iqtisadiyyatını gücləndirəcək, yoxsa yeni risklər yaradacaq?
Politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, Avropa Komissiyasının rəqabət qaydalarını yumşaldaraq yerli sənaye və rəqəmsal korporasiyaları gücləndirmək təşəbbüsü həm fürsətlər yaradır, həm də bir sıra risklər daşıyır:

“Qısamüddətli perspektivdə bu addım Avropa şirkətlərinin qlobal bazarlarda rəqabət qabiliyyətini artırmaq, innovativ startapların və texnoloji nəhənglərin inkişafını təmin etmək potensialına malikdir. Eyni zamanda, daha sərbəst fəaliyyət imkanları investorları cəlb edə və strateji sənaye sahələrinin, məsələn, süni intellekt, yarımkeçirici istehsalı və yaşıl texnologiyaların inkişafını sürətləndirə bilər”.
Politoloq qeyd edib ki, uzunmüddətli perspektivdə bəzi risklər də mövcuddur:
“Rəqabət qaydalarının zəifləməsi dominant şirkətlərin bazarda üstünlük qazanmasına və monopoliyaların yaranmasına səbəb ola bilər. Bu isə kiçik və orta sahibkarların imkanlarını məhdudlaşdırır. İstehlakçılar daha az seçim və yüksək qiymətlərlə üzləşə bilər, sosial və iqtisadi bərabərsizlik artaraq siyasi narazılıqlara yol aça bilər. Nəticə etibarilə, bu siyasət qısamüddətli perspektivdə Avropanın qlobal iqtisadi mövqeyini gücləndirə bilər, amma uzunmüddətli dövrdə iqtisadi və sosial riskləri artırır. Effektivlik üçün yumşaldılmış qaydalarla yanaşı, şəffaf nəzarət mexanizmləri və antimonopoliya tədbirləri zəruridir”.
Niyaz Hacıyev
Sfera.az
