"Ukrayna və Rusiya düyünü Pekində açılacaq" - Politoloq

"Ukrayna və Rusiya düyünü Pekində açılacaq" - Politoloq
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp aprel ayında Çinə səfər edəcəyini açıqlayıb. Məlum olduğu kimi, Ukrayna müharibəsi məsələsində tərəflərin mövqeləri fərqlidir. ABŞ açıq şəkildə Ukraynanı dəstəkləyir, Çin isə daha çox Rusiya ilə yaxın mövqe nümayiş etdirir.


Bəs ABŞ və Çin arasında müharibənin gedişatı ilə bağlı hər hansı müzakirə ola bilərmi? 


Sfera.az-a bu haqda açıqlama verən politoloq Əli Mustafa söyləyib ki, bu gün Çin daha çox Rusiyanı, Amerika isə Ukraynanı dəstəkləyir: 

 


“Amma bu, əlbəttə, o anlama gəlmir ki, Çinin Ukrayna ilə, ABŞ-nin də Rusiya ilə əlaqələri yoxdur. Əksinə, biz bilirik ki, bu gün Çin ilə Ukrayna arasında ciddi ticarət əlaqələri var. Hətta Ukraynanın istehsal etdiyi dronların əhəmiyyətli bir hissəsi Çindən gələn hissələr hesabına yığılır. Çinlə də Ukraynanın əməkdaşlığı var. Eyni zamanda biz Amerika ilə Rusiya arasında da münasibətlərin inkişaf etdiyini görürük. Hətta iki dövlət arasında 12 trilyonluq bir ticarət razılaşması hazırlanır. O deməkdir ki, baxmayaraq şərti olaraq biz Amerika ilə Ukraynanı, Çinlə də Rusiyanı müttəfiq hesab edirik, amma əslində onların bir-biri ilə də, yəni konkret olaraq Amerika ilə Rusiya arasında, Çinlə də Ukrayna arasında əməkdaşlıq hökm sürür”.


Politoloqun fikrincə, Trampın Çinə səfəri də mümkündür. Onun sözlərinə görə, belə bir səfər reallaşarsa bəzi məsələlər müzakirə olunacaq: 


“Ümumiyyətlə, Çinlə ABŞ-nin bir çox məsələ ilə bağlı ciddi müzakirələri var. İqtisadiyyat, geosiyasət və digər bir çox istiqamətlərdə müzakirələr aparılır. Əslində, onlar bu gün dünyanın əsas güc mərkəzləri hesab olunur. Amma eyni zamanda biz Çin və ABŞ arasında rəqabətin olduğunu da bilirik. Ümumiyyətlə, bu gün ABŞ-nin həyata keçirdiyi bir çox siyasətlər Çinin güclənməsinin qarşısını almağa xidmət edir. Ona görə də təbii ki, mümkündür ki, səfər zamanı bir çox məsələlər müzakirə olunsun. Eyni zamanda ABŞ ilə Çin arasında böyük ticarət dövriyyəsi də var. Görüş olarsa ticarət məsələləri də müzakirə olunacaq. Rusiya-Ukrayna müharibəsi davam edəcəksə, yəqin ki, bu iki dövlət, iki nəhəng güc Rusiya-Ukrayna müharibəsini də müzakirə edəcəklər. Müzakirənin nəticəsində müharibə ya  dayanacaq, ya da davam edəcək".

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ