Trampın təklifi: Netanyahu əfv edilə bilərmi?

İsrail Prezidenti İsxak Herzoq ABŞ Prezidenti Donald Trampın Baş nazir Benyamin Netanyahunun əfv edilməsi ilə bağlı təklifini nəzərdən keçirdiyini, lakin hələlik bu məsələ üzrə yekun qərarın verilmədiyini açıqlayıb.
Xatırladaq ki, Netanyahu üç ayrı korrupsiya işi üzrə ittiham olunur. İttihamlara 700 min şekeldən (təxminən 230 min ABŞ dolları) artıq məbləğdə qanunsuz hədiyyələrin, o cümlədən siqar və şampanın qəbulu, media tənzimlənməsi ilə bağlı fırıldaqçılıq, eləcə də dostlarının maraqlarına uyğun layihələrin irəli çəkilməsi məqsədilə rüşvət alma iddiaları daxildir.
Qeyd edək ki, Donald Tramp ötən il də Netanyahuya əfv verilməsi ilə bağlı çağırış etmişdi. Bu kontekstdə əsas sual açıq qalır: Netanyahu əfv oluna bilərmi və belə bir qərar İsrail daxilində yeni siyasi və hüquqi böhrana yol aça bilərmi?

Siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlamasında bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahunun rüşvət almaqda ittiham olunması, Qəzza problemi fonunda artıq zəifləyən beynəlxalq imici ilə yanaşı, həm şəxsi reputasiyasına, həm də ölkənin nüfuzuna ciddi zərbə vurur.
Siyasi şərhçi qeyd edib ki, Netanyahu elə bir siyasətçidir ki, onun haqqında Beynəlxalq Cinayət Məhkəməsinin məlum qərarı olsa da, indiyədək hər hansı bir məsuliyyətə cəlb olunmayıb və fəaliyyətini davam etdirir:
“Məhz mövcud reallıqlar fonunda Baş nazirin öz ölkəsində ittiham olunacağı inandırıcı deyil. Təbii ki, nə vaxtsa bu proses reallaşa bilər və bu da böyük ehtimalla Netanyahunun vəzifədə olmadığı dövrə təsadüf edər. İndi isə bu o qədər də real görünmür”.
Niyaz Hacıyev
Sfera.az
