Tramp və Netanyahu görüşü: Nəticəsiz qaldı? - AÇIQLAMA

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan son görüş regional və qlobal siyasət baxımından diqqətlə izlənilib. Yaxın Şərqdə gərginliyin artdığı, xüsusilə İran ətrafında risklərin yüksəldiyi bir dövrdə keçirilən bu görüş tərəflərin mövqeləri ilə bağlı müxtəlif suallar doğurub. ABŞ mediasının yazdığına görə, Netanyahu görüş zamanı Trampı İrana qarşı açıq hərbi addımlar atmağa və ya müharibəyə başlamağa razı sala bilməyib. Bu məqam Vaşinqtonun İran siyasətində mümkün dəyişikliklər və ya daha ehtiyatlı yanaşma seçməsi ehtimalını gündəmə gətirib.
Bəs ABŞ İranla bağlı əvvəlki sərt mövqeyindən geri çəkilir, yoxsa Trampın bu məsələdə tərəddüd etməsinə səbəb olan başqa strateji, daxili siyasi və ya beynəlxalq amillər mövcuddur?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, İranla müharibənin başlanması üçün sionist lobbinin Tramp üzərində ciddi təzyiqi var.

Onun fikrincə, bu ilin noyabrında keçiriləcək aralıq seçkiləri Trampa qarşı təzyiq kartı kimi istifadə olunur:
“Təkcə sionist lobbi deyil, eyni zamanda Ukrayna, Avropa İttifaqı, Britaniya da öz maraqlarının təmin olunması üçün Trampa qarşı bu kartdan yararlanmağa çalışır. Ən güclü təzyiq imkanları isə təbii ki, bir qayda olaraq İsrail hökumətlərini formalaşdıran sionist lobbiyə aiddir. Bir sıra yəhudi quruluşlarının, xüsusilə AIPAC təşkilatının ABŞ-dəki seçki prosesinə ciddi təsir imkanları var. Güclü maliyyə dayaqlarına malik olan bu təşkilat xüsusilə Konqres seçkilərində namizədlərin dəstəklənməsi və onlara maliyyə yardımının göstərilməsi ilə bağlı effektiv iş aparır.
Noyabrda isə aralıq seçkiləri baş tutacaq. 435 konqresmen, eyni zamanda 100 senatorun üçdə biri yenidən seçiləcək. Bu da o deməkdir ki, əgər respublikaçılar uduzarsa, bu, Tramp üçün ciddi risklər yaradacaq. Ona qarşı impiçment elan oluna, Senatda 67 səs çoxluğu ilə qəbul olunarsa, Tramp ABŞ tarixində impiçmentlə vəzifəsindən uzaqlaşdırılan ilk ABŞ prezidenti ola bilər.
Respublikaçı konqresmen və senatorlardan da bu təşkilatla yaxınlığı olan siyasətçilərin olmasını nəzərə alsaq, təhlükənin miqyasını təsəvvür etmək elə də çətin deyil. Təbii ki, amerikalı millətçilər hesab olunan (MAGA) və Amerikanın maraqlarının İsrail daxil olmaqla hər şeydən öndə olmasını müdafiə edən qüvvələr də çox güclüdür və Tramp bu güc tərəfindən ciddi şəkildə dəstəklənir”.
Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, digər tərəfdən ABŞ daxilində iqtisadi problemlər, inflyasiya və işsizlik var, eyni zamanda müharibə əleyhdarı olan seçici kütləsi əvvəlki dövrlərlə müqayisədə xeyli artıb:
“Tramp isə bu problemləri həll edəcəyinə və müharibələrə girməyəcəyinə, əksinə sülh üçün çalışacağına söz verib. Əgər Tramp İrana zərbə endirməyə məcbur qalsa, o zaman dünya neft ixracatının beşdə birinin daşındığı Hörmüz boğazı bağlanacaq. Bu isə qlobal neft qiymətlərinin kəskin artımına səbəb olacaq. Nəticədə ABŞ daxilində enerji daşıyıcılarının qiymətləri artacaq, inflyasiya güclənəcək.
Digər tərəfdən, ABŞ-nin donanması, eyni zamanda Yaxın Şərqdəki bazaları İran tərəfindən vurula bilər.
Bu iki faktor yetərlidir ki, ABŞ daxilindəki ictimai rəy birmənalı olaraq Trampa qarşı yönəlsin. Nəticədə respublikaçılar böyük ehtimalla seçkidə məğlubiyyətə uğrayacaqlar. Bununla da onların uzaq perspektivə hesablanan geosiyasi hədəfləri yarımçıq qalacaq.
Buna görə də Tramp tərəddüd edir, İranla müharibədən maksimum yayınmağa çalışmaqla yanaşı, sionist lobbi ilə də düşmən olmaq istəmir. Buna görə də hərbi güc nümayişi ilə İrana təzyiq edərək razılaşma əldə etməyə çalışır.
Fikir vermisinizsə, Trampın İrana qarşı irəli sürdüyü şərtlər birmənalı olaraq İsrail hökumətinin tezislərindən ibarətdir və anlaşmanı mümkünsüz edir. ABŞ və İran isə mümkün variantları nəzərdən keçirir və bunun nəticəsində mümkün anlaşma ehtimalı İsraili ciddi şəkildə narahat edir. Ona görə də Netanyahu növbəti dəfə Trampla görüşərək onu müharibənin başlanmasına razı salmağa cəhd edir. 12 günlük İran-İsrail savaşında isə ABŞ hökuməti sionist lobbinin təzyiqinin nəticəsi olaraq İrana öncədən razılaşdırılmış zərbə endirməyə məcbur qaldı. Təbii ki, eyni ssenari də mümkündür. Məntiq isə bu müharibənin baş verməməsi üçün diplomatik kanalların öndə olacağını deməyə əsas verir”.
Niyaz Hacıyev
Sfera.az
