ABŞ-dən İrana qarşı yeni həmlə - Neft gəlirinin bir hissəsi "oğurlanacaq"

ABŞ-dən İrana qarşı yeni həmlə - Neft gəlirinin bir hissəsi "oğurlanacaq"
Kateqoriya məlum deyil
T

ABŞ–İran münasibətlərində gərginliyin yenidən artdığı bir mərhələdə Vaşinqtonun Tehrana qarşı daha sərt addımlar atmaq niyyətində olduğu barədə məlumatlar gündəmə gəlir. Uzun illərdir sanksiyalar, diplomatik təzyiqlər və dolayı qarşıdurmalarla xarakterizə olunan bu münasibətlər fonunda ABŞ administrasiyasının İran neftini daşıyan tankerləri ələ keçirmək imkanını nəzərdən keçirməsi vəziyyəti yeni və daha riskli mərhələyə daşıya bilər. “The Wall Street Journal”ın yaydığı məlumata görə, bu addım İranın əsas gəlir mənbələrindən biri olan neft ixracını məhdudlaşdırmaqla Tehrana siyasi və iqtisadi təzyiqi artırmaq məqsədi daşıyır.


Bu kontekstdə sual yaranır: bunun reallaşma ehtimalı nə qədər yüksəkdir və ABŞ-nin İran neftini daşıyan tankerləri ələ keçirmək planı regional təhlükəsizlik mühitinə və qlobal enerji bazarlarının sabitliyinə hansı təsirləri göstərə bilər?


Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ administrasiyasının İran neftini daşıyan tankerləri ələ keçirməklə Tehrana təzyiqi artırmaq niyyəti barədə yayılan məlumatlar Yaxın Şərqdə onsuz da həssas olan geosiyasi balansı daha da mürəkkəbləşdirə biləcək potensial ssenari kimi qiymətləndirilə bilər.

 

Onun sözlərinə görə, bu addım hələlik rəsmi qərar mərhələsində olmasa da, onun müzakirəyə çıxarılması belə Vaşinqtonun İranın enerji ixracını hədəf alan daha sərt mexanizmləri nəzərdən keçirdiyini göstərir:

 


“Belə bir planın reallaşma ehtimalı tam istisna edilmir. ABŞ son illərdə sanksiyaların icrasına nəzarəti gücləndirib və İran neftinin “kölgə donanma” vasitəsilə bazara çıxarılmasının qarşısını almağa çalışıb. Tankerlərin açıq şəkildə ələ keçirilməsi isə artıq hüquqi-sanksiya mexanizmindən hərbi-dəniz alətinə keçid anlamına gələcək ki, bu da risk səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Vaşinqton belə bir qərar qəbul edərkən bunun İranın gəlirlərini real şəkildə azaldıb-azaltmayacağını, eyni zamanda daha geniş eskalasiyaya yol açaraq strateji baxımdan əks nəticə verib-verməyəcəyini də nəzərə almalıdır”.


Politoloq vurğulayıb ki, regional təhlükəsizlik baxımından ən həssas nöqtə Hürmüz boğazıdır və qlobal neft ticarətinin təxminən beşdə biri bu marşrutdan keçir:


“Əgər ABŞ İran tankerlərini ələ keçirməyə başlasa, Tehran cavab olaraq boğazda gəmilərin hərəkətini çətinləşdirə, kommersiya gəmilərinə təzyiq göstərə və ya simmetrik addımlar ata bilər ki, bu da lokal insidentlərin sürətlə genişmiqyaslı hərbi gərginliyə çevrilməsi riskini artırar. Qlobal enerji bazarları baxımından ilkin təsir daha çox psixoloji və spekulyativ xarakter daşıyacaq, risk səviyyəsinin artması qiymətlərdə qısamüddətli sıçrayışlara səbəb ola bilər. Xüsusilə Asiya bazarlarının alternativ tədarük mənbələri axtarması logistika xərclərini və inflyasiya təzyiqlərini yüksəldə bilər. Digər tərəfdən, OPEC+ siyasəti və ABŞ şist istehsalının dinamikası mümkün itkilərin qismən kompensasiyasına imkan versə də, bazarın həssas balansı kəskin qiymət reaksiyalarını istisna etmir. Geosiyasi müstəvidə isə belə bir addım Vaşinqton–Tehran qarşıdurmasını yeni mərhələyə keçirərək regional qeyri-sabitlik risklərini artıra, nəticə etibarilə qlobal iqtisadi və təhlükəsizlik arxitekturasına mənfi təsir göstərə bilər”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ