ABŞ Ukraynanı qurban verir? - Vaşinqton səfərinin gizlinləri

ABŞ Ukraynanı qurban verir? - Vaşinqton səfərinin gizlinləri
Kateqoriya məlum deyil
T

Ukrayna müharibəsi ilə bağlı diplomatik proseslər beynəlxalq gündəmdən düşmür. Yenidən sülh danışıqları və mümkün sülh müqaviləsinin şərtləri ilə bağlı müzakirələr intensivləşib. Bu kontekstdə Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri xüsusi əhəmiyyət kəsb edir. Səfər zamanı Avropa liderlərinin onu müşayiət etməsi diqqət çəkir və bəzi iddialara görə avropalıların da ABŞ-yə getməsi yalnız rəsmi dəstək nümayişi ilə bağlı deyil, həm də müəyyən geosiyasi məqsədlərlə bağlıdır.


Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Gürcüstanın “Rustavi 2” televiziya kanalına verdiyi müsahibədə bildirib ki, səfərin məqsədlərindən biri Ukraynada indiki şərtlərlə sülh müqaviləsinin bağlanmasının qarşısını almaqdır.


Avropa Ukraynanın indiki şərtlərlə sülh müqaviləsi bağlamasında maraqlı deyil? Bu iddia nə dərəcədə doğrudur?


Politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, Avropa liderlərinin sülh müqaviləsinin indiki formatda bağlanmasına iradları ola bilər:

 


“Çünki mümkündür ki, hazırki müqavilənin bəzi detalları onların maraqlarına ziddir. Bu müqavilənin əsas təşəbbüskarı ABŞ olduğu üçün burada əsasən onun maraqları əsas götürülüb. Ukrayna və Rusiya arasındakı müharibənin uzanması müəyyən mənada Avropanın maraqlarına cavab verir. Bu baxımdan da onlar sülh barədə çox da tələsmirlər. Ancaq müharibənin uzanması Ukraynanın ziyanına işləyir”.


Politoloqun sözlərinə görə, ABŞ artıq İranla bağlı yeni cəbhə açmaqdadır:


“Odur ki, Ukrayna məsələsini tezliklə yekunlaşdırıb Rusiya ilə müvafiq iqtisadi və ticari əlaqələr qurmaq istəyir. Burada Avropanın maraqları ikinci mərhələyə keçmək üzrədir. Reallıq ondan ibarətdir ki, Avropa Ukrayna ilə bağlı sülh təşəbbüsündə israrlı deyil. ABŞ və Avropa İttifaqı arasındakı maraq toqquşmaları savaşın uzanmasına və Rusiyanın xeyrinə işləyir”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ