Ən güclü orduya sahib olmağı hədəf qoydular

Almaniya 2035-ci ilə qədər peşəkar hərbçi sayını artıraraq “Avropanın ən güclü konvensional ordusu”na sahib olmağı hədəfləyir. İkinci Dünya müharibəsindən sonra məhdudiyyətlərlə fəaliyyət göstərən ordunun həm şəxsi heyəti, həm də müdafiə büdcəsi sürətlə genişləndirilir.
Sfera.az xəbər verir ki, hazırda Almaniya Silahlı Qüvvələrində 182 min hərbçi və 81 min mülki əməkdaş olmaqla ümumilikdə 263 min personal xidmət edir. Planlara görə, 2035-ci ilə qədər peşəkar hərbçi sayı 260 minə çatdırılacaq. Mümkün müharibə dövrü üçün əlavə 200 min nəfərlik ehtiyat qüvvənin hazır saxlanılması nəzərdə tutulur. Müdafiə Nazirliyi uzunmüddətli perspektivdə ümumi şəxsi heyətin 460 minə yüksəldilməsini planlaşdırır.
Müdafiə Nazirliyinin məlumatına əsasən, Almaniya 2026-cı ildə xarici təhlükəsizliyə 108 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır. Bu rəqəmin 2029-cu ildə təxminən 152 milyard avroya çatacağı gözlənilir. Berlin NATO və ABŞ-yə illərlə güvənildiyi üçün geri planda qalan ordunun yenidən gücləndirilməsi məqsədilə müdafiə strategiyasında köklü dəyişikliklərə start verib. Bununla yanaşı, Almaniya bu gün İsrail istehsalı olan “Arrow 3” hava hücumundan müdafiə sisteminin ilk batareyasını da istifadəyə verib.
Müdafiə naziri Boris Pistorius sistemin həm Almaniyanın, həm də Avropa ölkələrinin təhlükəsizliyini gücləndirəcəyini bildirib. Onun sözlərinə görə, “Arrow 3” ölkəyə uzun mənzilli ballistik raketlərə qarşı erkən xəbərdarlıq və müdafiə imkanı verəcək:
“Avropada bənzəri olmayan bu strateji qabiliyyətlə qitənin mərkəzindəki rolumuzu daha da möhkəmləndiririk”,– deyə o qeyd edib. 3,6 milyard avroluq müqavilə çərçivəsində alınan sistem ilk mərhələdə ölkənin üç nöqtəsinə yerləşdiriləcək.
Birinci məntəqə Berlinin cənubundakı “Schönewalde-Holzdorf Hava Bazası” olacaq. Bu müqavilə ilə Almaniya İsrail xaricində “Arrow 3” sistemindən istifadə edən ilk ölkə kimi tarixə düşəcək. İsrail və ABŞ tərəfindən hazırlanmış “Arrow 3” raketləri atmosferdən kənarda, kosmosun başlanğıcında hədəfi birbaşa zərbə ilə məhv etmək gücünə malikdir.
Bəsti Rəfizadə
Sfera.az
