Zelenski sülhə yaxınlıqdan danışdı – Kreml razıdırmı?

Zelenski sülhə yaxınlıqdan danışdı – Kreml razıdırmı?
Kateqoriya məlum deyil
T

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ukrayna ilə bağlı kompromis variantının hələ formalaşmadığını bildirib.

 

Onun sözlərinə görə, ABŞ tərəfindən irəli sürülən bəzi təkliflər Moskva üçün qəbulolunandır, lakin bir sıra məqamlar Rusiya maraqlarına uyğun gəlmir. Bununla yanaşı, son günlər verilən açıqlamalarda müəyyən ziddiyyətlər müşahidə olunur.

 

Ukrayna Prezidenti Volodimir Zelenski sülhün yaxın olduğuna işarə bildirsə də, Rusiyanın bəzi nümayəndələrinin çıxışları əksinə, danışıqlarda irəliləyişin olmadığını göstərir. Belə olan halda, Rusiya bu mərhələdə nəyi nəzərdə tutur və vəziyyəti necə qiymətləndirir?

 

Sfera.az-a bu barədə açıqlama verən siyasi ekspert Çingiz Şahbazi söyləyib ki, Kremlin rəhbərliyinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakovun açıqlaması Rusiyanın iddia etdiyi torpaqları nəzərdə tutduğunu göstərir:

 

 

“ABŞ tərəfindən hazırlanmış 28 bəndlik sülh planı hazırda Rusiya, ABŞ və Ukrayna arasında müzakirə olunur. Uşakovun məhz ərazi məsələləri üzrə kompromisin olmadığını xüsusi vurğulaması isə Rusiyanın Krım və Donbasın hüquqi cəhətdən Rusiya ərazisi kimi tanınması tələbinə işarə edir. Bu, Moskvanın danışıqlardakı əsas məqsədlərindən biri kimi qiymətləndirilir”.

 

Siyasi ekspert bildirib ki, Rusiya Prezidenti Vladimir Putin də bu planın danışıqlar prosesi üçün baza ola biləcəyini deyərək, müzakirələrin həmin məzmun üzərində aparılmasını qeyd edib:

 

“Ukrayna Prezidenti Volodimir Zelenski isə bu planı heç bir halda qəbul etməyəcəklərini bir neçə dəfə bəyan edib. Zelenski sülh planını ədalətli və şəffaf saymır və Ukraynanın torpaqlarından imtina tələb edən heç bir ssenariyə razılıq verməyəcəklərini açıq şəkildə bildirib. Rəsmi Kiyev həmçinin vurğulayıb ki, Moskva-Vaşinqton xəttində irəli sürülən sülh təklifləri Ukraynadan gizli müzakirə oluna bilməz”.

 

Ç.Şahbazi əlavə edib ki, belə bir şəraitdə danışıqlar tərəflər arasında nəzərdən keçirilsə də, xüsusilə ərazi məsələləri üzrə mövqelər hələ də ciddi ziddiyyət yaradır:

 

“Mövcud reallıq göstərir ki, Moskva Krım və Donbasla bağlı iddialarından asanlıqla geri çəkilən deyil və tələbləri xaricində sülh haqqında danışmaq niyyətində olmadığını dəfələrlə bildirib. Rusiya həmçinin ABŞ-nin bu istiqamətdə apardığı siyasətdən vaxt qazanmaq və sülh planını öz xeyrinə çevirmək üçün yararlanır. Bu isə Moskvanın atdığı addımlar arasında strateji prioritetlərdən biri kimi görünür. Bütün bu məqamlar fonunda yaxın perspektivdə böyük kompromisin əldə olunması ehtimalı zəifdir. Torpaqların statusu ilə bağlı hər hansı razılaşma üçün nə real səbəb, nə də ki, siyasi şərait mövcuddur”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ