Alman nazirin “ağrılı güzəşt” mesajı - Ukrayna ərazi itirə bilər

Alman nazirin "ağrılı güzəşt" mesajı - Ukrayna ərazi itirə bilər
Kateqoriya məlum deyil
T

Almaniyanın xarici işlər naziri İohan Vadefulun Ukraynanın sülhə nail olmaq üçün “ağrılı güzəştlərə getməli olacağı və bəlkə də referendum keçirməli” ola biləcəyi ilə bağlı açıqlaması beynəlxalq gündəmdə geniş müzakirələrə səbəb olub. Bu bəyanat Kiyevin ərazi bütövlüyü məsələsi ətrafında uzun müddətdir davam edən Qərb yekdilliyinin zəiflədiyi, Avropanın isə artıq müharibənin davamlılığından yorulduğu barədə sualları artırır.


Nazirin sözləri bir tərəfdən sülh danışıqlarına açıq mesaj kimi qiymətləndirilərkən, digər tərəfdən Ukraynanın ərazi məsələlərində güzəştə məcbur edilə biləcəyi ehtimalını gücləndirir. 

 

Bu kontekstdə əsas sual budur: Vadefulun bəyanatı sülhə doğru addımdır, yoxsa Ukraynanın ərazi bütövlüyü üçün ciddi təhlükənin xəbərçisidir?


Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, ağrılı güzəşt o deməkdir ki, Ukrayna ərazilərinin bir hissəsindən imtina etməlidir.

 

 

Onun sözlərinə görə, Trampın 28 maddəlik planında bu da var idi:


“İndi də bu var. Baxmayaraq ki, plan dəyişikliklərə uğrayıb. Yəni tutaq ki, Rusiya Donbasın 85%-ni işğal edibsə, 15%-i Ukrayna ordusunun nəzarətindədi. Güya həmin 15%-i Ukrayna Rusiyaya versə, Rusiya müharibəni dayandıracaq. Halbuki, Xerson və Zaparojiyada var ki, onun da yarısına Ukrayna ordusu nəzarət edir. Amma bu bölgələri, Rusiya saxta referendumla özünə birləşdirib. Yəni Rusiya bu bölgələri də gələcəkdə tələb edəcək. Ukrayna müqaviməti davam etdirir”.


Politoloq qeyd edib ki, Avropa İttifaqında çox ölkə Ukraynanın güzəştə getməsini istəmir:


“Bu, Baltik ölkələrinə, Moldovaya, Polşaya təhlükə yaradacaq. Çünki Rusiya Ukrayna ilə kifayətlənməyəcək. Necə ki, zamanında Gürcüstanın ərazilərini işğal etdikdən sonra, Krımı ilhaq etdikdən sonra Ukraynanın digər ərazilərinə işğalçı müharibələrə başladı, indi də dayanan deyil. Ona görə də, ərazi güzəşti Ukraynanın sonunu gətirəcək. Ukrayna ona görə, bununla razılaşmaq istəmir. Ukraynanın itirdiyi əraziləri geri qaytarmağı çətindi. Amma itirmədiyi əraziləri Rusiyaya təhvil verə bilməz”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ