Tramp Netanyahu ilə görüş istədi - İki liderin məqsədi nədir?

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu yaxın günlərdə Vaşinqtonda görüşə dəvət edib. Bunun öncəsində liderlər telefon danışığında HƏMAS-ın tərksilah edilməsinin və Qəzza bölgəsinin demilitarizasiyasının vacibliyini vurğulayıblar.
Canlı görüş bu razılaşmaların həyata keçirilməsi üçün real addım sayıla bilərmi? Qəzzanın demilitarizasiyası yaxın perspektivdə mümkün görünürmü?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Natiq Miri Qəzzada HƏMAS-ın tərksilahı və bölgənin hərbsizləşdirilməsinin “Tramp planının” ikinci mərhələsinə aid məsələ olduğunu bildirib. Onun sözlərinə görə, lakin İsrailin sərt və kompromissiz mövqeyinə görə hələlik bu mərhələyə keçid mümkün olmayıb:

"Çünki bilirsiniz ki, hələ də HƏMAS-ın İsrailə təhvil vermədiyi, ehtimalən 2 nəfərin cəsəd qalıqları mövcuddur və görünən odur ki, onların axtarışı davam edir. Digər tərəfdən, İsrailin qeyri-konstruktiv davranışı fonunda HƏMAS bundan əlində əlavə təzyiq vasitəsi kimi istifadə edir. İkinci mərhələnin başlanması üçün İsrailin razılığı əsas şərtdir”.
Ekspert Donald Trampın Netanyahunu Vaşinqtona dəvət göndərməsinin də, ehtimalən, məhz bu proseslə bağlı olduğu düşünüldüyünü qeyd edib:
“Əks halda, bu, İsrail ordusunun yenidən HƏMAS-a qarşı genişmiqyaslı əməliyyatlara başlamasına səbəb ola bilər ki, bu da Tramp planının Yaxın Şərqdə tam ifşası deməkdir. Halbuki ABŞ uzun illərdir bölgədə sülh yaratmaq səylərini “böyük uğur” kimi təqdim edir. Bu səbəbdən HƏMAS-ın ikinci mərhələdə tərksilah edilməsi və Qəzzanın hərbsizləşdirilməsi yalnız İsrailin tam razılığı ilə mümkün ola bilər. Bu isə İsrail ordusunun əməliyyatları ilə həll olunacaq məsələ deyil. Netanyahu zaman-zaman HƏMAS-ı “tamamilə məhv edəcəyini” bəyan etsə də, bu, real görünmür. Artıq üçüncü ildir ki, müharibə davam edir və əgər bu müddət ərzində HƏMAS aradan qaldırıla bilməyibsə, deməli, İsrail rəhbərliyinin sərt bəyanatları daha çox siyasi ritorikadır. Eyni sözləri ABŞ prezidenti Donald Trampın açıqlamalarında da görmək mümkündür. Lakin fakt odur ki, HƏMAS hələ də fəaliyyət göstərir və əməliyyatlar yenidən başlasa, müqavimət göstərmək niyyətində olduğunu bildirir”.
N.Miri bu səbəbdən HƏMAS-ın tərksilahının ABŞ və İsrail hərbçilərinin vasitəsi ilə həyata keçirməyin mümkün olmadığını əlavə edib:
“Bu, Tramp planında nəzərdə tutulduğu kimi, Qəzzaya beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi fonunda baş tuta bilər. Lakin burada da mühüm problemlər var: HƏMAS tərksilahın yalnız ağır silahların təhvil verilməsi ilə məhdudlaşacağını düşünür. Onların nəzarətində olan Qəzzanın müəyyən ərazilərində isə təhlükəsizliyin təminatı üçün yüngül silahların saxlanılacağını bildirirlər”.
O vurğulayıb ki, eyni zamanda, Qəzzanın tam hərbsizləşdirilməsi məsələsi bölgədə fəaliyyət göstərəcək beynəlxalq kontingentin mandatından asılı olacaq:
“Lakin bu kontingentdə hansı ölkələrin təmsil olunacağı hələ İsrail ilə razılaşdırılmayıb. Məsələn, Türkiyə ordusunu göndərməyə hazır olduğunu dəfələrlə bəyan etsə də, İsrail bunu qəti şəkildə rədd edir. Digər dövlətlər də, o cümlədən Azərbaycan, İndoneziya və başqaları bölgədəki təhlükəsizlik zəmanətlərinin olmaması səbəbilə tərəddüd edir. Çünki Qəzzada hələ də sabitlik tam bərpa olunmayıb, İsrail həm quruda, həm də havada əməliyyatlarını davam etdirir və bu, əraziyə yerləşəcək istənilən beynəlxalq qüvvə üçün təhdid yaradır. Məhz bu məsələlərin həlli üçün Netanyahu nun ABŞ-yə dəvət olunduğu ehtimal edilir və əsas müzakirə mövzuları da bunlar olacaq. Odur ki, HƏMAS-ın tərksilahı, Qəzzanın hərbsizləşdirilməsi və prosesin gələcək perspektivi Vaşinqtondakı danışıqların nəticələrindən ciddi şəkildə asılı olacaq”.
Fidan Hacızadə
Sfera.az
