"Ukraynanın NATO-ya üzvlük məsələsi dalana dirənib" - POLİTOLOQ

"Ukraynanın NATO-ya üzvlük məsələsi dalana dirənib" - POLİTOLOQ
Kateqoriya məlum deyil
T

 

Xarici mənbələrin məlumatına görə, Ukrayna və ABŞ nümayəndə heyətlərinin Floridada keçirilən görüşündə tərəflər sülh sazişinin layihəsi üzrə yekun razılığa gələ bilməyiblər.

 

Əsas fikir ayrılıqları ərazi məsələləri və Ukraynanın NATO-ya mümkün üzvlüyü ilə bağlı olub. Mənbə bildirir ki, hazırkı danışıqlar artıq ən çətin məsələlərin həlli üzərində cəmlənib və bu, prosesin irəliləyişi kimi qiymətləndirilir.

 

Prosesin mümkün nəticəsi nə ola bilər və Rusiyanın belə qərarlara reaksiyası necə formalaşacaq? Politoloq İlyas Hüseynov bu barədə Sfera.az-a açıqlamasında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşünün razılıq əldə olunmadan başa çatmasının əvvəlcədən ehtimal edildiyini bildirib:

 

 

”Çünki Kiyevə təqdim olunan şərtlər son dərəcə ağır görünür. Ərazi itkilərinin rəsmən qəbul olunması, həmçinin Rusiyanın nəzarət etdiyi ərazilərin Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində tanınmaması kimi tələblər Kiyev tərəfindən qəbuledilməz sayılır”.

 

Politoloq əlavə edib ki, bundan başqa, Ukraynanın NATO-ya üzvlük məsələsinin birdəfəlik bağlanması ehtimalı da ölkənin əsas strateji hədəflərinə ziddir. İ.Hüseynov bu kontekstdə danışıqların faktiki olaraq dalana dirənmiş kimi göründüyünü qeyd edib:

 

"Kreml və Vaşinqton tamam fərqli mövqelər sərgiləyir, Ukrayna isə siyasi arenada və döyüş meydanında prinsipial və qətiyyətli mübarizəsini davam etdirir. Belə şəraitdə prosesin yaxın perspektivdə real nəticə verməsi çox çətin görünür. Bu xüsusda düşünürəm ki, danışıqların davam etdiriləcəyi açıqlamalarına rəğmən, həm siyasi sahədə, həm də hərbi müstəvidə mübarizə daha da intensivləşəcək. Bir tərəfdə müharibənin uzanmasını istəyən qüvvələr, digər tərəfdə isə onun tezliklə başa çatmasını arzulayanlar mövcuddur. Lakin istənilən həll variantı konsensus və qarşılıqlı etimad üzərində qurulmalıdır. Hazırkı mərhələdə isə Rusiya-Ukrayna münaqişəsində belə bir etimad mühitinin formalaşdığını demək mümkün deyil”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ