Venesuela lideri üçün Türkiyə iddiası - Yeni siyasi sığınacaq gündəmdə

Venesuela lideri üçün Türkiyə iddiası - Yeni siyasi sığınacaq gündəmdə
Kateqoriya məlum deyil
T

Venesuela Prezidenti Nikolas Maduronun Türkiyədən siyasi sığınacaq ala biləcəyi ilə bağlı yayılan xəbərlər beynəlxalq gündəmi yenidən hərəkətə gətirib. Məlumata görə, Vaşinqtonun Karakasa təzyiqləri artdıqca, Maduro üçün hakimiyyətdə qalmaq ehtimalı zəifləyir və bu, onun təhlükəsiz ölkə axtarışını aktuallaşdırır. Rəsmi təsdiq olmasa da, Türkiyənin həm siyasi, həm də iqtisadi tərəfdaşlıq fonunda Maduro üçün “məqbul sığınacaq ünvanı” ola biləcəyini bildirilir. Məsələ ilə bağlı bu iddialar və ABŞ–Venesuela münasibətlərində mümkün dəyişikliklər necə qiymətləndirilir? 


Politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, Nikolas Maduronun Türkiyədən siyasi sığınacaq ala biləcəyi ilə bağlı iddialar hazırkı qlobal geosiyasi qarşıdurmalar fonunda təsadüfi görünmür. 


Onun sözlərinə görə, Türkiyə son illər xarici siyasətdə daha müstəqil və çoxvektorlu xətt yürüdür və bu da onu müxtəlif liderlər üçün “alternativ platforma”ya çevirir:


“Ankara–Karakas münasibətləri xüsusən sanksiyalar dövründə iqtisadi əməkdaşlıq üzərində möhkəmlənib. Bu yaxınlıq Türkiyənin Maduro üçün potensial sığınacaq kimi nəzərdən keçirilməsini texniki baxımdan mümkün edir. Ancaq belə bir qərar Türkiyə üçün ciddi beynəlxalq təzyiqlər və siyasi risklər yarada bilər. ABŞ və Qərb bloku bunu Vaşinqtona açıq siyasi mesaj kimi qəbul edər. Türkiyə adətən bu tip məsələlərdə son ana qədər açıq mövqe ortaya qoymur və qərarları daha çox real güc balansına görə verir”. 

 


Politoloq qeyd edib ki, Maduro hakimiyyətdən getsə belə, Venesueladakı böhran avtomatik həll olunmayacaq:


“Çünki problem təkcə bir şəxsin hakimiyyəti ilə yox, illərlə yığılıb qalmış institusional dağılma ilə bağlıdır. Ölkədə iqtisadi çöküş, sosial böhran və enerji sektorunun iflici dərin struktur problemlərdir. ABŞ–Venesuela qarşıdurması yalnız siyasi liderlik üzərində qurulmayıb, enerji resursları və regional nüfuz uğrunda gedən böyük oyunun tərkib hissəsidir. Maduro getsə belə, ABŞ-nin Venesuela üzərində təsir uğrunda mübarizəsi dayanmayacaq”. 


Müsahibimiz vurğulayıb ki, yeni hakimiyyətin ABŞ-yə tam loyal olub-olmayacağı da ciddi sual altındadır və digər tərəfdən, Rusiya, Çin və İran kimi aktorlar Venesuelanı asanlıqla Qərbin təsir dairəsinə buraxmaq niyyətində deyillər:


“Buna görə də proses təkcə Maduro ilə bitən sadə bir ssenari deyil. Görünən odur ki, Venesuela məsələsi yaxın illərdə də qlobal güclər arasında geosiyasi qarşıdurma aləti olaraq qalacaq”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ