"The Telegraph": "Tramp Putinə Ukraynanın işğal olunmuş ərazilərini təhvil verəcək"

ABŞ müharibəyə son qoymaq üçün Rusiya ilə razılaşma əldə etməyə çalışarkən Krım və digər işğal olunmuş Ukrayna əraziləri üzərində Rusiyanın nəzarətini “de-fakto” tanımağa hazır olduğunu müzakirə edir.
Sfera.az bu barədə “The Telegraph” nəşrinə istinadən xəbər verir. İddiaya əsasən, Donald Trampın sülh elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Moskva ilə birbaşa təkliflər barədə danışmaq üçün Rusiyaya göndərilib. Mənbələrin bildirdiyinə görə, Vaşinqtonun bu addımı Avropa müttəfiqləri arasında ciddi narahatlıq yaradıb. Nüfuzlu bir Avropa rəsmisi bildirib ki, amerikalıların Avropanın mövqeyi ilə maraqlanmadığı getdikcə daha aydın olur.

Kreml açıqlayıb ki, Cenevrədə Ukrayna və ABŞ rəsmiləri arasında keçirilən təcili görüşdən sonra Moskvaya işğal olunmuş ərazilərin ləğvi ilə bağlı yenilənmiş strategiya təqdim olunub. Uitkoffun hazırladığı ilkin 28 maddəlik sülh planında ABŞ-nin Krımı və Donbasın iki bölgəsini “de-fakto” tanıması təklif edilirdi. Plan həmçinin Xerson və Zaporojyedə təmas xəttinin arxasında Rusiyanın nəzarətində qalan torpaqların tanınmasını nəzərdə tuturdu. Cenevrədə aparılan son danışıqlarda 19 maddəlik yeni plan hazırlanıb, lakin mənbələrə görə tanınma ilə bağlı bəndlər sənəddə qalır. Ukrayna tərəfi Rusiyanın nəzarətini tanımaqdan imtina edir.
Prezident Aparatının keçmiş rəhbəri Andrey Yermak deyib: “Heç bir sağlam düşüncəli insan ərazidən imtina etmək üçün sənəd imzalamaz. Zelenski prezident olduğu müddətcə heç kim bizim ərazidən imtina etməyimizə ümid etməməlidir”. Ukrayna konstitusiyası ərazi ilə bağlı qərarın yalnız ümumxalq referendumu ilə verilə biləcəyini təsbit edir.

Yermakın bu həftəsonu Trampın Mar-a-Laqodakı görüşünə qatılacağı gözlənilsə də, evinə antikorrupsiya xidməti tərəfindən basqın edildikdən sonra istefa verib. Avropa ölkələri ABŞ-nin bu yanaşmasını təhlükəli presedent kimi qiymətləndirir. “Könüllülər” koalisiyasının liderləri bildiriblər ki, sərhədlərin güc yolu ilə dəyişdirilməməsi prinsipinə sadiqdirlər və bu mövqe dəyişməyəcək. Avropanın alternativ planında Rusiyanın hər hansı ərazi üzərində nəzarətinin tanınması təklif edilmir. Avropa ölkələri hesab edir ki, ərazi məsələləri yalnız qeyd-şərtsiz atəşkəsdən sonra müzakirə oluna bilər. Son günlərdə yayılan sızdırılmış telefon danışıqları Uitkoffun Rusiya rəsmilərinə Ağ Evə necə çıxış əldə edə biləcəklərini izah etdiyini göstərib. Danışıqlarda Ukraynanın Donetskdən imtina etməsi məsələsi də vurğulanıb. Bu məlumatların Avropa xüsusi xidmətləri tərəfindən sızdırıldığı ehtimal edilir.

Ağ Evin sözçüsü Karolin Livitt isə yayılan iddiaları şərh edərək bildirib: “Bu həssas diplomatik danışıq sızmaları prezidentin və ya milli təhlükəsizlik komandasının təsdiqi olmadan spekulyativ hesab edilməlidir”. Vaşinqtonun işğal olunmuş ərazilərin “de-fakto” tanınmasını müzakirə etməsi barədə yayılan məlumatlar həm Avropada, həm də Kiyevdə narazılıq doğurub. Rusiya isə bu bəndlərin ABŞ ilə aparılan danışıqlarda əsas şərtlərdən biri olduğunu açıq şəkildə bildirir. Sülh planının son versiyasının Zelenski=Tramp görüşündən sonra formalaşacağı bildirilir, lakin Kiyev ərazi güzəştlərinə qəti şəkildə qarşı çıxır.
Fidan Hacızadə
Sfera.az
