Orban Moskva səfərindən razı ayrılıb

Orban Moskva səfərindən razı ayrılıb
Kateqoriya məlum deyil
T

Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə cümə günü Moskvada keçirdiyi görüşün nəticələrini uğurlu adlandırıb.

 

Sfera.az xəbər verir ki, Orban bu barədə “Facebook” səhifəsində yazıb:

 

“Moskvada uğurlu danışıqlar: Macarıstanın enerji təchizatı etibarlı olaraq qalır”.

 

Noyabrın 28-də Moskvaya yola düşən Orban bildirib ki, səfərin əsas məqsədi Rusiyadan Macarıstana fasiləsiz enerji təchizatına zəmanət almaqdır. Baş nazirin sözlərinə görə, Macarıstana neft və qaz Rusiyadan boru kəmərləri ilə axır və bu tədarüklər ölkənin enerji təhlükəsizliyinin açarıdır. Səfərdə Orbanı müşayiət edən Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto Kremldə aparılan danışıqlardan sonra məqsədə nail olunduğunu açıqlayıb.

 

Onun sözlərinə görə, Putin Macarıstan tərəfini həm təbii qaz, həm də neft tədarükü ilə bağlı müqavilə öhdəliklərinin yerinə yetiriləcəyinə əmin edib.

 

“Razılaşdırılmış həcmlər tələb olunan vaxt çərçivəsində Macarıstana çatdırılacaq”, – deyə Siyarto qeyd edib. Macarıstan hazırda neftinin böyük hissəsini Rusiyadan “Drujba” boru kəməri ilə, qazı isə “Türk axını” vasitəsilə alır. Siyarto Moskvaya səfərdən əvvəl bildirmişdi ki, Macarıstan bu il Rusiyadan 8,5 milyon ton neft və 7 milyard kubmetrdən çox təbii qaz idxal edib.

 

Niyaz Hacıyev

Sfera.az

 

PAYLAŞ