ABŞ-dən gözlənilməz qərar - Bu məqsədlə böyük vəsait xərclənəcək

ABŞ-dən gözlənilməz qərar - Bu məqsədlə böyük vəsait xərclənəcək
Kateqoriya məlum deyil
T

ABŞ hərbi aviasiya üçün indiyədək ən böyük həcmdə sifariş verib. Trampın sözlərinə görə, hazırda ölkə tarixində heç vaxt olmadığı qədər çox sayda döyüş təyyarəsinin istehsalı sifariş olunub.


ABŞ aviasiya vasitələrinə bu qədər böyük diqqət ayırması maraq doğurub. 

 

Sfera.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, ABŞ bu gün də dünyanın lider dövləti hesab olunur:


“ABŞ hərbi gücünə görə liderliyini, həm də təhlükəsizlik məsələlərinin tənzimlənməsində öz başlıca rolunu qorumaqda qərarlıdır. Baxmayaraq ki, Donald Tramp hakimiyyətə gələndə müharibələri dayandıracağını bəyan edirdi, hazırda görürük ki, ABŞ-nin Venesuela, İran və digər ölkələrlə bağlı mümkün hərbi qarşıdurmalara qoşulma ehtimalı mövcuddur. Yeni dünya düzəninin formalaşması fonunda risklərin artması isə qlobal miqyasda silahlanma yarışını daha da sürətləndirib. Dünyanın bir çox regionlarında ölkələr silahlanmanı genişləndirir. Bu da bəzi dairələrdə yeni beynəlxalq nizamın yalnız genişmiqyaslı toqquşma hətta Üçüncü Dünya müharibəsi bahasına formalaşa biləcəyi fikrini gücləndirir. Belə şəraitdə ABŞ-nin hərbi hava qüvvələrini genişləndirməsi də aktuallaşır”.

 

Politoloq hazırda ABŞ döyüş təyyarələrinin sayına görə dünyanın ən böyük güclərindən biri olduğunu qeyd edib: 


”Onun arsenalında 900-dən artıq döyüş təyyarəsi olsa da, qarşıya qoyulan məqsədlər fonunda bunun kifayət etmədiyi görünür. Digər vacib məqam ABŞ müttəfiqlərini də yeni nəsil hərbi aviasiya ilə təmin etməlidir. NATO-ya üzv bəzi ölkələrin öz parklarındakı təyyarələrin bir qismini Ukraynaya verməsi onların yenilənməsini zəruri edir. Bundan əlavə, ABŞ-nin Venesuela, İran, Yəmən kimi ölkələrlə gərgin münasibətləri, eləcə də Latın Amerikasında gələcək qarşıdurma ehtimalları mövcuddur. Ən önəmli rəqibi isə Çindir. Hazırda Çinlə Yaponiya, eləcə də Çinlə Tayvan arasındakı gərginlik Vaşinqton üçün mühüm təhlükəsizlik çağırışları doğurur”.

 

Ə.Mustafa əlavə edib ki, dünya silah bazarında ABŞ istehsalına böyük tələbat var:

 

“ABŞ bu gün də qlobal silah ixracında lider mövqedədir. Bu da Amerika iqtisadiyyatının güclənməsinə, əlavə iqtisadi dividendlərin əldə edilməsinə və qlobal ticarətdə üstün mövqeyinin qorunmasına xidmət edir. Bütün bu amillər ABŞ-ni həm təhlükəsizlik, həm də kommersiya maraqlarına əsaslanaraq hərbi istehsalını artırmağa vadar edir. Ümumilikdə, ABŞ yeni silahlar və xüsusilə də modern döyüş təyyarələri ilə dünya liderliyini qorumağa çalışır. Təyyarə parkının gücləndirilməsi Vaşinqtonun qlobal üstünlüyünü hər hansı formada güzəştə getmək niyyətində olmadığının da göstəricisi sayılmalıdır”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ