NATO dağılacaq? - Alyans daxilində fikir müxtəlifliyi var

BMT-nin sülhməramlı veteranı Dan Viqqo Bertqun bildirib ki, Şimali Atlantika Alyansı yaxın gələcəkdə nəinki zəifləyə, hətta mövcudluğunu itirə bilər.
Qeyd edib ki, məsələ NATO-nun bu əsrdə yaşayıb-yaşamayacağı deyil, Alyansın ən azı növbəti onillikdə mövcudluğunu qoruyub-qoruyamayacağıdır.
NATO-nun mövcudluğunu itirmə ehtimalı nə dərəcədə realdır? Alyans bu günə qədər qarşıya qoyduğu hansı missiyaları tam yerinə yetirə bilməyib?
Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva Şimali Atlantika Alyansının yaxın gələcəkdə zəifləməsinin və ya mövcudluğunu dayandırması barədə səslənən fikirlərin geosiyasi gərginliklər fonunda daha çox diqqət çəkdiyini bildirib.
Onun fikrincə, praktiki baxımdan NATO-nun qısa müddətdə dağılması real görünmür:
“Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələri Alyansı təhlükəsizlik sisteminin əsas dayağı kimi qəbul edir və İsveç-Finlandiya kimi dövlətlərin üzvlüyü NATO-nun genişlənməyə davam etdiyini göstərir. Bununla belə, alyans daxilində ABŞ–Avropa münasibətlərində etimad böhranı, Tramp administrasiyası dövründə səslənən tənqidlər və Avropanın “strateji muxtariyyət”ə yönəlik çağırışları gələcəkdə struktur problemlərin dərinləşə biləcəyinə işarə edir”.

Politoloq NATO-nun zəifləmə ehtimalını artıran əsas məqamın üzv dövlətlərin təhlükə qavrayışlarının fərqli olması olduğunu qeyd edib:
“Şərqi Avropa Rusiya təhdidini prioritet kimi görürsə, Cənubi Avropa miqrasiya və terrorla bağlı riskləri önə çəkir. Türkiyə ilə bir sıra Qərb ölkələri arasındakı gərginliklər, Fransa-ABŞ münasibətlərində periodik gərginliklər NATO daxilində vahid siyasi mövqe formalaşdırmağı çətinləşdirir. Bu uyğunsuzluqlar alyansın operativ və strateji qərar qəbulunu bəzən ləngidir və NATO-nun “vahid təhlükəsizlik sistemi” məqsədinə tam nail olmasına mane olur”.
Z.Qarayava əlavə edib ki, bununla yanaşı, NATO indiyədək tam reallaşdıra bilmədiyi bəzi hədəflər qarşısında da dayanır:
“Məsələn, alyansın 2% müdafiə xərcləri öhdəliyinə üzv ölkələrin əksəriyyəti uzun illər boyu əməl etməyib. Həmçinin NATO-nun Yaxın Şərq, Əfqanıstan və Liviya əməliyyatları da alyansın siyasi və hərbi baxımdan vahid nəticə əldə etməkdə çətinlik çəkdiyini göstərib. Nəticə etibarilə, NATO-nun tam süqutu yaxın perspektivdə real olmasa da, daxili parçalanma riskləri, qeyri-bərabər öhdəliklər və dəyişən təhlükəsizlik prioritetləri alyansın gələcək fəaliyyətinə təsir göstərə biləcək əsas zəif nöqtələr olaraq qalmaqdadır”.
Fidan Hacızadə
Sfera.az
