Ukrayna böhranı: Təhlükəsizlik zəmanətləri verilməyəcək? - RƏY

ABŞ administrasiyası Ukrayna ilə bağlı təhlükəsizlik zəmanətləri məsələsini yalnız sülh sazişi imzalandıqdan sonra müzakirə etməyə hazır olduğunu bildirib. Prezident Donald Tramp qeyd edib ki, təhlükəsizlik təminatları, eləcə də digər həssas mövzular, o cümlədən Ukraynanın ərazi bütövlüyü və xaricdə dondurulmuş Rusiya aktivlərinin taleyi yalnız razılaşma əldə edildikdən sonra gündəmə gətiriləcək.
Sfera.az-a açıqlama verən siyasi ekspert Çingiz Şahbazi bildirib ki, dünyanın ən çox diqqət mərkəzində olan 28 maddəlik Tramp planı layihəsinə Ukrayna hökuməti bir sıra maddələrə görə etiraz edir və bu səbəbdən ABŞ Prezidenti Donald Trampın təzyiqləri ilə üz-üzə qalıb:
“Əlbəttə, Ukrayna hökuməti bu planı qəbul etmədiyi təqdirdə proses onlar üçün çox çətin olacaq. Hesab edirəm ki, prosesin hələ indi başladığını nəzərə alsaq, təqdim olunan planın bəzi maddələri, xüsusilə də Ukraynanın işğal olunmuş ərazilərinin bir hissəsindən imtina etməsi, ordunun resurs və canlı qüvvəsinin məhdudlaşdırılaraq yarıbayarı azaldılması, eləcə də NATO-ya üzvlük perspektivindən vaz keçməsi Ukrayna hökumətini sözün əsl mənasında çıxılmaz vəziyyətə salır”.

Ç.Şahbazi Ukrayna hökumətinin təqdim olunan sənədi ölkə üçün kapitulyasiya sənədi adlandırdığını da xatırladıb:
“Çünki Ukraynanın ərazi bütövlüyü və suverenliyi bu layihədə öz əksini tapmayıb, əksinə, zədələnib. Sənəd həmçinin beynəlxalq hüquq normalarına uyğun hazırlanmayıb və Ukraynanın onu qəbul etməsi halında gələcəkdə dünya dövlətləri üçün də ciddi problemlər yarada bilər. Bu baxımdan dünyanın digər regionlarında da bu təcrübənin tətbiq olunmayacağına dair zəmanət ortadan qalxmış olur”.
Siyasi ekspertin fikrincə, baş verən hadisələr yalnız Ukraynanı deyil, həm də dünyanı gözləyən təhlükələrin təməlini qoyacaq:
“Ukrayna Prezidenti Zelenskinin dediyi kimi, baş verənləri “tarixin ən çətin anları” kimi qiymətləndirmək olar. Bu mənada ABŞ-nin Ukraynanın timsalında indiyədək mövcud olan dünya nizamını sarsıtmağa çalışdığı qənaətinə gəlmək yanlış olmaz. Hesab edirəm ki, bunu Avropa İttifaqı ölkələrində də anlayanlar var və məhz buna görə Avropa Birliyi ölkələrinin liderləri tərəfindən 24 maddəlik sülh planı layihəsi təqdim olunub. Bu plan münaqişə tərəfləri arasında dialoqu davam etdirmək və müzakirələrin aparılması üçün ən məqbul sənəd hesab olunur”.
Fidan Hacızadə
Sfera.az
