Çin və Rusiya yaxınlaşır - Dünyanı nə gözləyir?

Çin və Rusiya yaxınlaşır - Dünyanı nə gözləyir?
Kateqoriya məlum deyil
T

"Çin və Rusiya milli dirçəlişə can atırlar və yeni qlobal təhlükəsizlik arxitekturası qurmaq üçün birgə işləməyə hazırdırlar".

 

Bunu Çinin Moskvadakı səfiri Çjan Xanhui deyib.

 

Çin və Rusiyanın yeni qlobal təhlükəsizlik arxitekturası qurmaq niyyəti konkret olaraq hansı əməkdaşlıq istiqamətlərini əhatə edir? Bu proses mövcud beynəlxalq sistemə necə təsir göstərə bilər?

 

Sualımızı cavablandıran politoloq Tural İsmayılov Sfera.az-a bildirib ki, Çin və Rusiyanın “yeni qlobal təhlükəsizlik arxitekturası” ilə bağlı mövqeyi beynəlxalq münasibətlərdə gedən struktur transformasiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir.

 

 

Onun sözlərinə görə, bu təşəbbüs daha çox mövcud təhlükəsizlik mexanizmlərinə alternativ yaratmaqdan çox, onlara paralel əlavə mexanizmlərin formalaşdırılması məqsədi daşıyır.

 

Politoloq qeyd edib ki, əməkdaşlığın əsas istiqamətlərdən söz açıb:

 

“Birinci istiqamət hərbi-strateji koordinasiyadır. Çin və Rusiya arasında birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və regional təhlükəsizlik mövzularında məsləhətləşmələr tərəflərin qarşılıqlı etimadını möhkəmləndirir. Bu əməkdaşlıq formal hərbi ittifaq xarakteri daşımır, lakin strateji tərəfdaşlıq səviyyəsində dərinləşir. İkinci istiqamət iqtisadi və maliyyə təhlükəsizliyi ilə bağlıdır. Tərəflər milli valyutalarla hesablaşmaların artırılması, alternativ ödəniş mexanizmlərinin genişləndirilməsi və ticarət-logistika şəbəkələrinin şaxələndirilməsi üzərində çalışırlar. Bu addımlar qlobal iqtisadi proseslərdə yaranan risklərin minimallaşdırılması məqsədi daşıyır. Üçüncü istiqamət çoxtərəfli beynəlxalq platformalarda koordinasiyadır. ŞƏT, BRICS və digər regional qurumlarda Çin və Rusiya mövqelərin yaxınlaşdırılması və ortaq təşəbbüslərin irəli sürülməsi xəttini izləyir. Bu platformalar tərəflər üçün dialoq, razılaşdırma və institusional əməkdaşlıq vasitəsi rolunu oynayır. Dördüncü istiqamət informasiya və kibertəhlükəsizlik sahəsidir. Rəqəmsal texnologiyaların qlobal siyasətdə artan rolu fonunda tərəflər informasiya mühitinin təhlükəsizlik komponentinə xüsusi önəm verirlər və bu sahədə qarşılıqlı təcrübə mübadiləsi aparırlar”.

 

Müsahibimiz bu proseslərin ilk növbədə çoxqütblü beynəlxalq sistemin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb:

 

“Qlobal təhlükəsizlik vahid mərkəzdən idarə olunan modeldən tədricən müxtəlif güc mərkəzləri arasında balans üzərində qurulan modelə doğru inkişaf edir. Eyni zamanda, regional təhlükəsizlik mexanizmlərinin rolu artır. Qlobal problemlərin həllində regional platformalar daha aktiv vasitəyə çevrilir ki, bu da beynəlxalq münasibətlərdə çevik diplomatik konfiqurasiyaların formalaşmasına şərait yaradır. Digər tərəfdən, təhlükəsizlik anlayışı təkcə hərbi çərçivədən çıxaraq iqtisadi, enerji, nəqliyyat, texnoloji və informasiya sahələrini də əhatə edən kompleks məfhum kimi genişlənir. Çin və Rusiyanın yanaşması da məhz bu tendensiya ilə üst-üstə düşür”.

 

T.İsmayılov qeyd edib ki, Çin və Rusiyanın yeni təhlükəsizlik arxitekturası ilə bağlı mövqeyi qısa müddətdə mövcud beynəlxalq sistemi dəyişməkdən çox, dünya siyasətində balansların tədricən yenidən formalaşmasına təsir göstərən uzunmüddətli geosiyasi prosesin elementi kimi çıxış edir:

 

“Bu yanaşma nə tam alternativ model kimi formalaşıb, nə də mövcud mexanizmləri əvəzləyəcək səviyyəyə çatıb. Proses hazırda paralel təhlükəsizlik platformalarının güclənməsi mərhələsi kimi xarakterizə olunur”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR