Dünyanı təhdid edən 7 qarşıdurma xətti – ARAŞDIRMA

Dünyanı təhdid edən 7 qarşıdurma xətti – ARAŞDIRMA
Kateqoriya məlum deyil
T

Aparılan qlobal təhlükəsizlik araşdırmaları göstərir ki, 2026-cı il dünyada silahlı gərginliklərin artdığı, regional münaqişələrin isə qlobal balanslara birbaşa təsir etdiyi bir dövr olacaq. İllərdir dünya ölkələri arasında müxtəlif səbəblərdən baş verən qarşıdurmalar, müharibələr səngimədən davam edir.


Sfera.az yaxın gələcək üçün yeddi kritik münaqişə ocağını təqdim edir.

 

Çin–Tayvan


Asiya-Sakit okean regionu 2026-cı ildə də ən riskli coğrafiyalardan biri olaraq qalacaq. Son illər Pekin ilə Tayvan arasında artan gərginlik, Çin rəhbərliyinin hərbi ritorikasındakı sərtləşmə və bölgədə gedən strateji hərbi yerləşmələr vəziyyəti daha da ağırlaşdırıb.
Aparılan analitik təhlillər göstərir ki, Pekin yaxın perspektivdə birbaşa işğaldansa, Tayvan ətrafında blokada taktikasını daha real variant kimi qiymətləndirə bilər. Bu addım ABŞ və müttəfiqləri ilə qarşıdurma ehtimalını artırsa da, Çin üçün daha az riskli görünür. Regiondakı hərbi balansın dəyişməsi Asiya üçün böyük sarsıntıların xəbərçisi olacaq.

 

Hindistan–Pakistan


2025-ci ildə Hindistanda turistləri hədəf alan hücumdan sonra iki nüvə ölkəsi arasında gərginlik yenidən kəskinləşmişdi. Nəticədə Kəşmir xəttində qarşılıqlı zərbələr endirilmiş və 50-dən çox insan həyatını itirmişdi.
Araşdırmalar göstərir ki, hazırkı atəşkəs son dərəcə kövrəkdir. Hindistanın iqtisadi gücünün sürətlə artması, Pakistanın hərbi idarəçiliyində baş verən dəyişikliklər və iki ölkə arasında balansın dəyişməsi gərginliyi davamlı saxlayıb. Regionda hər an yeni hadisələr baş verə bilər.

 

Rusiya–Ukrayna


Rusiya ilə Ukrayna arasındakı müharibə artıq tam bir yorma mərhələsinə keçib. Rusiya ordusunun itkiləri kritik həddə çatdığı halda, Ukrayna cəbhəsində müdafiə xəttinin zəifləməsi ehtimalı da gündəmdədir.

İki fərqli risk ssenarisi önə çıxıb:
Ukrayna daxilində siyasi və ya hərbi sistemin çökməsi Rusiyanın irəliləyişini sürətləndirə bilər;
Ukraynanın Rusiya neft infrastrukturuna yönələn hücumlarının genişlənməsi Moskvanın iqtisadiyyatını ciddi şəkildə zəiflədə bilər.
Hər iki ssenari Avropanın təhlükəsizlik arxitekturasına birbaşa təsir etməyə qadirdir.

 

İsrail–Qəzza


Qəzzada humanitar fəlakət davam edir. Şəhərin böyük hissəsi dağıdılıb və bölgənin yarısına İsrail nəzarət edir. Müvəqqəti atəşkəsin hər an pozulması ehtimalı yüksək olaraq qalıb.
Analitiklərin fikrincə, hazırkı situasiyada ən real ssenari bölünmüş Qəzza modelidir. Bununla yanaşı, bölgəyə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi və diplomatik prosesin yenilənməsi münaqişənin dərinləşməsinin qarşısını müəyyən qədər ala bilər.

 

Konqo–Ruanda


Mərkəzi Afrikadakı Konqo–Ruanda xətti 2026-cı il üçün ən riskli bölgələrindən biri kimi qiymətləndirilib. Ruandanın M23 üsyançılarına göstərdiyi açıq dəstək, Qoma şəhərinin ələ keçirilməsində iştirak etməsi və Konqonun şərqindəki etnik qarşıdurmalar tammiqyaslı müharibə ehtimalını gücləndirib.
Regionun ən böyük zənginliyi olan qızıl və kobalt mədənləri münaqişənin əsas motivasiya mənbələrindən biri hesab olunur.

 

Sudan


Sudanda Silahlı Qüvvələr (SAF) ilə Sürətli Dəstək Qüvvələri (RSF) arasında davam edən amansız müharibə artıq milyonlarla insanı didərgin salıb. Ölkə daxilində münaqişənin taleyi əsasən xarici oyunçuların, region dövlətlərinin dəstək və mövqelərindən asılıdır.
Hazırkı proseslər göstərir ki, Sudan müharibəsi yaxın müddətdə bitməyəcək və ölkə daha da parçalanma riski ilə üz-üzədir.

 

Venesuela–ABŞ


Cənubi Amerikada Venesuela ilə ABŞ arasındakı gərginlik kritik mərhələyə daxil olub. ABŞ-nin Karib dənizində artan hərbi varlığı, Venesuela rəhbərliyinə təzyiqlər və Maduroya qarşı mümkün xüsusi əməliyyat ssenariləri regiondakı vəziyyəti daha həssaslaşdırıb.
Venesuelanın Qayana ilə Essequibo bölgəsi uğrunda iddialarından geri çəkilməməsi isə potensial toqquşma riskini daha da artırır.
Bu ölkələr arasındakı hazırki münaqişələr onu göstərir ki, 2026-cı ildə qlobal münaqişə xəritəsi əvvəlki illərlə müqayisədə daha geniş və mürəkkəb olacaq. Bu yeddi bölgədəki gərginliklərin hər biri regional təhlükəsizliyi sarsıtmaqla yanaşı, qlobal siyasətin istiqamətini də dəyişmək gücünə malikdir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR