İsrail yenidən İranı təhdid etdi: "Təsirli şəkildə istifadə edəcəyik"

İsrail yenidən İranı təhdid etdi: "Təsirli şəkildə istifadə edəcəyik"
Kateqoriya məlum deyil
T

İsrailin sabiq baş naziri Yair Lapid bildirib ki, zərurət yaranacağı təqdirdə İsrail İranın nüvə və ballistik raket proqramlarına qarşı özünümüdafiə hüququndan təsirli şəkildə istifadə edəcək. O vurğulayıb ki, İran yalnız Yaxın Şərq üçün deyil, bütün dünya üçün həyati təhlükə yaradır.

 

Lapidin sözlərinə görə, İsrail hər bir şəraitdə özünümüdafiə hüququna malikdir və lazım gəldikdə bu hüquqdan qətiyyətlə yararlanacaq.

 

Sabiq baş nazirin bu açıqlaması real təhlükəyə işarə edirmi? O, İsrailin “özünümüdafiə hüququ” ifadəsi ilə konkret olaraq nəyi nəzərdə tutur?

 

Sfera.az-a bu barədə açıqlama verən politoloq Telman Nüsrətoğlu İran və İsrail arasında yaranmış antaqonizmin – yəni konseptual, fəlsəfi və teoloji əsaslara söykənən qarşıdurmanın – Yaxın Şərq üçün heç bir müsbət nəticə vəd etmədiyini bildirib.

 

Politoloq hesab edir ki, bu proses, əksinə, regional sabitliyi pozaraq qlobal nizamı da təhdid edən əsas amillərdən birinə çevrilir:

 

“İsrailin bölgədə genişlənməyə hesablanmış siyasət yürütməsi və bütün region dövlətlərinə meydan oxuması diqqət çəkir. Bunun arxasında isə ABŞ-yə güvənməsi və nüvə arsenalına sahib olması dayanır. İsrail özü nüvə silahına malik olduğu halda, İranın nüvə proqramını təhlükə kimi təqdim edir. Lakin həm İranın, həm də İsrailin nüvə silahına sahib olması Yaxın Şərq və dünya nizamı baxımından ciddi təhdiddir. Əslində, beynəlxalq hüququn tələbləri baxımından heç bir dövlət bu cür silahlanmaya sahib olmamalıdır və bu, çox önəmli nüansdır”.

 

 

T. Nüsrətoğlu İsrailin İrana qarşı son hücumları fonunda Tehranın çox kritik vəziyyətdə qaldığını qeyd edib:

 

“Bu vəziyyət, əslində, İranın illərdir yürüdüyü yanlış xarici siyasətin nəticəsidir. Ölkənin demək olar ki, real müttəfiqi yoxdur və həyata keçirilən siyasət regionda müsbət mühit formalaşdırmayıb. Buna baxmayaraq, İsrailin hücumlarına qarşı İranın ballistik raket potensialı var və ilk İsrail–İran toqquşmasında Tehran bu gücünü göstərmiş oldu. Baş verən qarşıdurmalarda İranın milli təhlükəsizlik strukturlarının ciddi zərər görməsi, o cümlədən ilk gün həyata keçirilən “nöqtə zərbələri” ilə müdafiə sektoruna mənsub şəxslərin hədəfə alınması məsələnin nə qədər həssas olduğunu göstərir. Bu da Tehranın öz daxilində müəyyən dərslər çıxarmasına səbəb olub. Beləliklə, genişmiqyaslı İran–İsrail münaqişəsi həm region, həm də hər iki ölkə üçün son dərəcə dağıdıcı və qanlı ola bilər. Bununla belə, İran və ABŞ arasında açıq və ya gizli danışıqların davam etməsi məsələni daha da mürəkkəb edir. Bütün bunlar fonunda İsrailin İrana yeni hücum ehtimalı nə regional təhlükəsizlik, nə də beynəlxalq sabitlik üçün arzu olunan ssenaridir”.

 

Fidan Hacızadə 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR