Luvr Muzeyindən sonra İsveçrədəki bir muzey də qarət edildi

İsveçrədəki Romanesk muzeyində planlaşdırılan soyğunçuluq hadisəsi baş verib.
İki quldur, bağlanma vaxtından əvvəl İsveçrənin Lozanna şəhərindəki Romanesk Muzeyindən təhlükəsizlik işçilərinə güc tətbiq edərək onlarla qədim qızıl sikkə oğurlayıb. Məlumata görə, quldurlar biletləri alıb digər ziyarətçilərin getməsini gözləyiblər.
Sfera.az bildirir ki, polis quldurların 64 yaşlı təhlükəsizlik işçisinə hücum edərək zərərsizləşdirdiyini və muzeyi soyduğunu açıqlayıb. Mühafizəçinin xəsarət almadığı və hadisə zamanı başqa heç kimin orada olmadığı bildirilib.
Mühafizəçini zərərsizləşdirdikdən sonra hücum edənlər vitrini sındıraraq onlarla qədim qızıl sikkə oğurlayıblar. Bazar dəyəri hələ açıqlanmayan əsərlərin "yüksək arxeoloji dəyərə" malik olduğu vurğulanıb. Regional hökumət oğurlanmış sikkələr üçün cinayət işi açacağını, Lozanna şəhər rəsmiləri isə muzeyə dəyən ziyana görə hüquqi tədbirlər görəcəklərini açıqlayıblar. Hadisə ilə bağlı araşdırma davam edir.
Bu il qlobal qızıl qiymətlərinin artdığı bir dövrə təsadüf edən soyğunçuluq, Parisdəki Luvr Muzeyindəki oxşar təhlükəsizlik boşluqlarını xatırladaraq, muzey təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən canlandırıb.
Aynil






