Ərdoğanın zəngi gözlənilir - Müharibə bitir?

Ərdoğanın zəngi gözlənilir - Müharibə bitir?
Kateqoriya məlum deyil
T

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb. Bu açıqlama Cenevrədə ABŞ-nin Kiyevə təqdim etdiyi sülh planı üzrə Ukrayna tərəfi ilə əsas danışıqlar mərhələsinin başladığı bir vaxtda gündəmə gəlib.

 

Mövcud proses fonunda Ankara-Moskva xəttində gözlənilən təmas növbəti diplomatik hərəkətlənmənin siqnalı kimi dəyərləndirilir.

 

Maraqlıdır, bu xəbərlər il sonunadək yekun sülhə işarə edə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Ülviyyə Zülfiqar bildirib ki, kritik məsələlərlə bağlı, xüsusilə Ukrayna-Rusiya müharibəsi kimi beynəlxalq gündəmin əsas predmetinə çevrilmiş proseslərdə telefon danışıqlarının əvvəlcədən elan olunması intensiv diplomatik xəttin formalaşdığını göstərir.

 

Politoloqun sözlərinə görə, əgər liderlər arasında nəzərdə tutulan danışıq öncədən açıqlanırsa, bu həmin təmasdan müəyyən nəticə gözlənildiyinə işarədir:

 

“ABŞ-nin təqdim etdiyi sülh planı var. Artıq bütün tərəflərə aydındır ki, müharibənin uzandığı təqdirdə hansı risklər gözlənilir Bu səbəbdən müharibənin bitməsi tərəflərin marağındadır. Əslində, hər iki xətt – Türkiyə və Qərblə olan danışıqlar bir-birini tamamlayan proses görünüşü yaradır. Rusiya üçün isə əlavə açıq qapı kimi özünü göstərir. Türkiyənin vasitəsilə həyata keçirilən bu dialoq kanalı bu istiqamətdən böyük əhəmiyyət daşıyır”.

 

Ülviyyə Zülfiqar qeyd edib ki, ilin sonuna qədər yekun sülh sazişinin elan olunması ehtimalı hələ də aşağıdır. Çünki Rusiya, Ukrayna, Qərb, ABŞ, Aİ və digər tərəflər şərtlər paketinin formalaşdırılması üçün tam razılığa gəlməyiblər, real zəmin tam yetişməyib:

 

“Hər iki tərəf strateji üstünlüyün əldə olunması, təhlükəsizlik təminatları və digər fundamental məsələlər ətrafında müzakirələri davam etdirir. Hazırkı prosesləri sülh arxitekturasının ilkin konturlarının çəkilməsi kimi dəyərləndirmək olar. Yaxın aylarda gərginliyin müəyyən qədər yumşalması mümkündür, lakin tam yekun sülh sazişi üçün vaxt tələb olunur. Ən azı, ilin sonuna qədər konkret nəticə gözləmək real görünmür”.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR