Rusiya sülh yox, kapitulyasiya istəyir - Danışıqlar dalana dirənib

Rusiya sülh yox, kapitulyasiya istəyir - Danışıqlar dalana dirənib
Kateqoriya məlum deyil
T

ABŞ Dövlət katibi Marko Rubio Ukraynada sülhün əldə olunması üçün keçirilən Cenevrə danışıqlarından sonra açıqlama verib. Onun sözlərinə görə, tərəflər danışıqlarda əhəmiyyətli irəliləyişə nail olublar.


Lakin Rusiyanın bu planı qəbul etməyəcəyinə dair ciddi şübhələr mövcuddur. Rəsmi Moskva əvvəlki bəyanatlarında sülhə hazır olduğunu bildirsə də, son günlərdə planı rədd etdiyinə dair məlumatlar yayılıb.

 

Rusiyanın sülh planını rədd etməkdə məqsədi nə ola bilər?

 

Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, burada əsas məqam Rusiyanın sülhü yalnız öz müəyyən etdiyi şərtlər daxilində qəbul etməyə hazır olmasıdır.

 

Onun sözlərinə görə, Kreml düşünür ki, sülh yalnız o halda mümkündür ki, Moskvanın irəli sürdüyü bütün tələblər həm Ukrayna, həm də kollektiv Qərb tərəfindən olduğu kimi, qeyd-şərtsiz qəbul edilsin:

 

“Bu isə Rusiyanın “sülh” adı altında Ukraynaya faktiki olaraq kapitulyasiya sənədi imzalatmaq niyyətindən xəbər verir.
ABŞ-nin hazırladığı və 28 bənddən ibarət olan sülh planı da əslində Moskvanın maraqlarına uyğun formalaşdırıldığı barədə fikirlər mövcuddur. Hətta ehtimal olunur ki, həmin plan Kreml tərəfindən yazılıb, sadəcə olaraq Vaşinqton onun müəllifliyini öz üzərinə götürüb. Təbii ki, nə Ukrayna, nə də Avropa İttifaqı bu sənədlə razı deyil və buna görə də plandan imtina edirlər. Bəzi məlumatlara əsasən, Cenevrədə keçirilən görüş zamanı Ukrayna tərəfi öz mövqeyini prinsipial şəkildə ortaya qoyub və ABŞ-nin təklif etdiyi plan üzərində ciddi dəyişikliklər tələb edib. Müəyyən razılaşmaların əldə oluna biləcəyi barədə ehtimallar var. Lakin Rusiya öz diktə etdiyi şərtlərin dəyişdirilməsinə razılıq vermək niyyətində deyil. Moskvanın başlıca məqsədi Ukraynadan kapitulyasiya aktının imzalanmasına nail olmaqdır”.

 

Politoloq Rusiyanın sülhdən danışmasının və kompromisə razı olmadığı görüntüsünün daha çox manipulyativ xarakter daşıdığını vurğulayıb. 

 


O bildirib ki, sülh Ukraynaya nə qədər vacibdirsə, Rusiyaya ondan daha çox lazımdır:

 

“Kreml atəşkəsə və münaqişənin ən azı dondurulmasına ehtiyac duyur, çünki Rusiyanın resursları tükənmək üzrədir və savaşın davam etməsi ölkə iqtisadiyyatında daha dağıdıcı nəticələr yarada bilər. Məhz buna görə Kreml tələskənlik göstərir və ABŞ vasitəsilə Ukraynaya kapitulyasiya sənədi imzalatmağa çalışır. Görünən odur ki, Rusiya Avropa İttifaqının hazırladığı alternativ sülh planını da rədd edəcək. Eyni zamanda, ABŞ ilə Ukrayna arasında Cenevrə görüşündə əldə olunan dəyişikliklərə dair razılaşmanı qəbul etməyəcək. Bu isə növbəti dəfə sülh prosesinin dalana dirənməsi ilə nəticələnə bilər”.

 

E.Xalidbəyli hesab edir ki, Rusiyanın mövqeyi belə şərh oluna bilər ki, Kreml yalnız iki ssenari əsasında sülhə razı ola bilər:

 

“Birinci ssenari odur ki, Ukrayna Rusiyanın diktə etdiyi şərtlər daxilində kapitulyasiya sənədini imzalasın buna isə nə Kiyev, nə də Avropa ölkələri hazırdır. İkinci varinat isə ondan ibarətdir ki, Rusiyaya qarşı elə sərt sanksiyalar tətbiq edilsin və ABŞ başda olmaqla Qərb Ukraynaya elə genişmiqyaslı dəstək versin ki, Moskva həm iqtisadi baxımdan çökmə mərhələsinə düşsün, həm də hərbi-siyasi sahədə ciddi məğlubiyyət təhlükəsi ilə üzləşsin. Yalnız bu halda Rusiya müharibəni dayandırmağa məcbur ola bilər. Digər bütün variantlarda Kremlın sülhə razılıq verəcəyi real görünmür”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR