ABŞ və Ukrayna razılaşmağa yaxındır - Sülh planı yenilənəcək

Cenevrədə ABŞ və Ukrayna nümayəndələri sülh planı ilə bağlı görüş keçiriblər. Danışıqlar konstruktiv keçib və tərəflər ədalətli, davamlı sülhə nail olmaq üçün ortaq öhdəliklərini vurğulayıblar. Ağ Evin açıqlamasına görə, Ukraynanın suverenliyini təmin edən yeni sülh müqaviləsi layihəsi hazırlanıb.
Politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Ukrayna üçün hazırladığı sülh planı əvvəlcə Kiyevi çətin seçim qarşısında qoyurdu. Onun sözlərinə görə, Ukrayna azadlıq və ləyaqəti itirmək, yaxud ən yaxın müttəfiqini itirmək arasında qərar verməli idi.
Ekspert dedi ki, Avropa ölkələrinin etirazından sonra planın bəzi şərtləri dəyişdirilib və Ukrayna üçün daha əlverişli hala gətirilib:
"Son danışıqlar müsbət qiymətləndirilir. ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, tərəflər bir çox əsas məsələlərdə razılığa gəliblər. Əgər bu dəyişikliklər təsdiqlənərsə, Ukrayna üçün qəbulolunmaz məqamlar – ərazi itkiləri, ordunun sayının azaldılması və NATO qüvvələrinin yerləşdirilməsi kimi şərtlər aradan qalxa bilər".

Qasımov əlavə edib ki, proses hələ ilkin mərhələdədir və Rusiyanın mövqeyi həlledici olacaq:
"ABŞ çalışır ki, Ukraynanın mövqeyi qəbul edilsin və əgər plan pozularsa, bu, Rusiyanın addımları nəticəsində olsun. Bu halda ABŞ-ın Ukraynaya silah və kəşfiyyat dəstəyi davam edə bilər. Politoloq hesab edir ki, danışıqlar uzun sürəcək, lakin Avropa ölkələrinin iştirakı prosesi daha balanslı edə bilər".
Fidan Hacızadə
Sfera.az






