Trampın 28 maddəlik sülh planının detalları bəlli oldu

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırladığı 28 maddəlik sülh planının detalları üzə çıxıb. Plan rəsmi olaraq Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edilib.
Ukrayna Prezident Administrasiyasının məlumatına görə, ABŞ tərəfi bu sənədin diplomatik prosesləri sürətləndirə biləcəyini bildirib. Ağ Ev sözçüsü Karolin Leavitt planı “Hər iki tərəf üçün qəbul edilə bilən həll” kimi qiymətləndirib.
Sfera.az xəbər verir ki, “Teleqraf” qəzetinin yayımladığı məlumatlara əsasən, sənəd Rusiyaya geniş güzəştlər nəzərdə tutur. Plan qəbul edildiyi halda Rusiya bütün Qərb sanksiyalarından azad ediləcək, G7 ölkələrinə yenidən qəbul olunacaq, dondurulmuş milyardlarla avro dəyərində aktivlərinin böyük hissəsini geri alacaq. Sənədə görə Rusiya Prezidenti Vladimir Putin, Krım üzərində nəzarətin beynəlxalq tanınmasına, eləcə də Donetsk və Luqansk bölgələri üzərində tam suverenliyə nail olacaq. Bundan əlavə, Moskva ABŞ ilə Arktikada enerji və kəşfiyyat sahəsində iqtisadi əməkdaşlıq əldə edəcək. Plan Ukraynanın hərbi potensialına ciddi məhdudiyyətlər qoyur. Belə ki, Ukrayna ordusunun şəxsi heyəti yarıya endiriləcək, Uzun mənzilli raketlərə sahib olmaq qadağan ediləcək, Donbas bölgəsində Ukrayna qüvvələri mövqelərindən geri çəkiləcək və ərazi demilitarizasiya ediləcək.
Sənəddə Krım, Donetsk və Luqanskın faktiki olaraq Rusiya ərazisi kimi qəbul edildiyi, buna ABŞ-nin da razı olduğu qeyd olunur. Planla bağlı Avropa ölkələrinin reaksiyası sərt olub. Fransa başda olmaqla, bir sıra Avropa paytaxtları Trampın təklifinin Kiyevi “təslim olmağa məcbur etdiyini” bildiriblər. Müzakirələrdə 300 milyard avroluq dondurulmuş rus aktivlərinin də taleyi müəyyən edilib. Plana əsasən, aktivlərin təxminən üçdə biri Rusiyaya qaytarılacaq, qalan 100 milyard avro Ukraynanın bərpasına yönəldiləcək, yenidənqurma layihələrindən əldə ediləcək gəlirin yarısı ABŞ-yə veriləcək. Zaporojye Atom Elektrik Stansiyasının BMT nəzarətində fəaliyyətə qaytarılması, istehsalın isə Ukrayna və Rusiya arasında bərabər bölünməsi nəzərdə tutulur.
Ukraynanın ordu sayı 600 min nəfərlə məhdudlaşdırılacaq və ölkəyə Moskva və Sankt-Peterburqa zərbə endirə biləcək raket sistemlərinə sahib olmaq icazə verilməyəcək. Ukraynaya müəyyən təhlükəsizlik təminatları verilsə də, NATO hərbçilərinin ölkə ərazisində yerləşdirilməsi qadağan edilir. Ukraynanı dəstəkləyən xarici qırıcı təyyarələr yalnız Polşa ərazisində saxlanıla biləcək. Planın pozulması halında Rusiyaya qarşı bütün sanksiyaların avtomatik bərpa ediləcəyi və əldə edilən güzəştlərin ləğv olunacağı bildirilir. Zelenskinin yaxın günlərdə ABŞ Prezidenti Donald Tramp ilə birbaşa görüşərək sənədin təfərrüatlarını müzakirə edəcəyi gözlənilir.
Bəsti Rəfizadə
Sfera.az






