Bütün savaşların qalibi Qərb olub: "Hazırda ABŞ imitasiya edir"

ABŞ administrasiyası Ukraynadakı münaqişənin həlli istiqamətində yeni sülh təşəbbüsləri üzərində işləyir. Dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində açıqlama verərək bildirib ki, hazırlanan plan həm Rusiya, həm də Ukrayna tərəflərinin mövqelərini nəzərə alacaq.
Bəs görəsən, ABŞ-nin iki tərəfə də sərf edən planı nə ola bilər?
Sualımızı cavablandıran politoloq Cavanşir Abbaslı Sfera.az-a bildirib ki, ABŞ son dövrlərdə ikili rol oynamağa davam edir.
Onun sözlərinə görə, ABŞ Ukraynanın savaş meydanından tamamilə çəkilməsində maraqlı deyil, əksinə, müharibənin davam etməsində maraqlı görünür:
“Müharibənin hər an davam etməsi, Amerikanın da məqsədlərinin həyata keçməsinə xidmət edir. Bu baxımından hesab edirəm ki, sülh danışıqları üzərində çalışmalar barədə məlumatların Amerika tərəfindən verilməsi təsadüfi deyil. Bunlar hamısı imitasiya xarakterli addımlardır”.

Politoloq dedi ki, bunun heç bir əhəmiyyəti yoxdur:
“Rusiya Ukraynaya qarşı işğalçı savaş aparır. Ukrayna da öz torpaqlarını qorumaq uğrunda mübarizə aparır. Burada Rusiya üçün heç bir sərfəli plandan söhbət gedə bilməz. Rusiya üçün sərfəli olmağın yeganə variantı odur ki, Ukraynada işğal etdiyi ərazilər Rusiyada qalsın. Ukrayna üçün isə bu sərfəli deyil. Torpaqların itirilməsi ilə nəticələnən istənilən razılaşma Ukrayna üçün sərfəli ola bilməz”.
Müsahibimiz qeyd etdi ki, burada heç bir tərəfin, xüsusilə Ukraynanın mövqeləri nəzərə alınmır:
“Sadəcə Amerika istəklərini həyata keçirir. Müharibəni uzadır, hissə-hissə Rusiyanı “öldürür”. Gələcəkdə də, tarixi dövrlərdə olduğu kimi, müharibənin bir qalibi olacaq. Amerika başda olmaqla, bütün kollektiv Qərb bu savaşın qalibi olacaq. Tarix boyu bütün savaşların qalibi Qərb dünyası olub və bu dəfə də elə olacaq”.
Niyaz Hacıyev
Sfera.az






