Ukrayna Rusiyanı ATACMS-larla silkələdi – Növbəti addım nə olacaq?

Ukrayna Silahlı Qüvvələri Rusiyadakı hərbi hədəflərə ATACMS raketləri ilə zərbələr endirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir ki, dəqiq zərbə endirmək üçün ATACMS taktiki raket sistemlərindən uğurla istifadə edilib. Qərargah uzaqmənzilli silahların, xüsusən də ATACMS-ın istifadəsinin davam edəcəyini bildirib.
Uzun fasilədən sonra Ukraynanın uzunmənzilli raketlərdən istifadəyə başlaması hansı məqsədə xidmət edir? Qərb bununla nəyə nail olmaq istəyir?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Telman Nüsrətoğlu bildirib ki, hazırkı geosiyasi şəraitdə Ukrayna-Rusiya müharibəsi ilə bağlı ABŞ-Rusiya danışıqlarının intensivləşəcəyi gözlənilir:
“Proseslər tədrici şəkildə pik nöqtəsinə yaxınlaşır və bu mərhələdə müharibənin davam etməsi nə ABŞ-nin, nə də Avropa İttifaqının iqtisadi, hərbi və siyasi maraqlarına uyğun hesab edilmir. Bu səbəbdən problemin masada həll edilməsi daha rasional və praqmatik yol kimi görünür”.
Politoloq söylədi ki, belə bir vəziyyətdə hər iki tərəf döyüş meydanında üstünlük əldə etməyə çalışdığını, danışıqlar masasında daha güclü təsir rıçaqlarına sahib olmaq niyyətlərini də əlavə edib:
“Rusiya tərəfdən baxıldıqda, müəyyən bölgələrdə irəliləyiş əldə etmək həm diplomatik masada əllərini möhkəmləndirir, həm də hərbi müstəvidə ciddi uğur kimi dəyərləndirilir. Ukrayna isə öz növbəsində dron hücumları ilə Rusiyanın neft emalı obyektləri və digər strateji infrastrukturlarını hədəfə alaraq hələ də ciddi zərbə potensialına malik olduğunu nümayiş etdirir. Uzaqmənzilli raketlərin tətbiqi və ölkənin milli imkanlar hesabına ballistik raket istehsal etməsi barədə məlumatlar da Kiyevin hərbi texnoloji baxımdan tükənmədiyini göstərir. Bu addımların məqsədi də eynidir: hərbi müstəvidə üstünlük qazanmaq və danışıqlar prosesində mövqeləri gücləndirmək”.

T. Nüsrətoğlu qeyd edib ki, bununla yanaşı, böyük ehtimalla həm Avropa İttifaqı, həm də ABŞ daxili siyasi, sosial və iqtisadi səbəblərdən Ukraynaya hərbi-maliyyə dəstəyini genişləndirməkdə çətinlik çəkir:
“Qərb ölkələri əlavə resurslar ayırmaq istəmir və bu da müharibənin gedişinə təsir edən mühüm amillərdəndir. ABŞ üçün əsas strateji prioritet isə getdikcə daha çox Çin amili olur. Vaşinqtonun uzunmüddətli təhlükəsizlik konsepsiyasında Asiya-Sakit okean regionu əsas istiqamət kimi müəyyənləşib. Buna görə də ABŞ Çinlə bağlı təsir mexanizmlərini gücləndirmək üçün Rusiya ilə müəyyən dərəcədə anlaşma yoluna getməkdə maraqlı ola bilər. Yekunda yüksək ehtimalla Rusiya–Ukrayna müharibəsinin dayandırılması, atəşkəsin əldə olunması və sülh danışıqlarının real nəticə verməsi tezliklə olmasa da, 2026-cı ilə doğru mümkün görünür”.
Fidan Hacızadə
Sfera.az






