Tramp Venesueladan nə istəyir?

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı heç bir fəaliyyət variantını, o cümlədən quru əməliyyatını istisna etmədiyini açıqlayıb. Venesuelladakı Maduro hakimiyyəti ilə ABŞ ilə danışıqlara hazır olduğunu bəyan edib.
ABŞ-nin Venesueladan istəyi nədir ? Bu proseslər Venesuelada iqtidar dəyişikliyinə səbəb ola bilərmi?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Tural İsmayılov ABŞ Prezidenti Donald Trampın Venesuela ilə bağlı “bütün variantların masada olması” barədə açıqlamasının, Vaşinqtonun regiondakı prosesləri strateji sabitlik prizmasından izlədiyini göstərdiyini bildirib. Onun sözlərinə görə, ABŞ üçün əsas prioritet Venesuelada idarəetmə institutlarının daha funksional olması, iqtisadi açıq mühitin formalaşması və regional miqrasiya təzyiqinin azaldılmasıdır:
“Bu, Vaşinqtonun uzunmüddətli Latın Amerikası siyasətinin bir xəttinə uyğundur və konkret bir hakimiyyətə qarşı yönəlmiş addım kimi deyil, geniş təhlükəsizlik yanaşması kimi oxunur. Maduro administrasiyasının danışıqlara hazır olduğunu bəyan etməsi isə Karakasın beynəlxalq təzyiqi yumşaltmaq, iqtisadi təchizat kanallarını sabitləşdirmək və sosial narazılıqları nəzarətdə saxlamaq istəyi ilə bağlıdır. Venesuelanın mövqeyi xarici müdaxiləni deyil, danışıqlar yolu ilə müəyyən sabitlik əldə etməyi hədəfləyir ki, bu da regional balans üçün pozitiv siqnaldır”.
Politoloq hazırkı mərhələdə ABŞ-nin istəyinin konkret hakimiyyət dəyişikliyindən çox, dövlət idarəçiliyinin konsolidasiya olunması və qarşılıqlı etimad yaradan siyasi mühitin formalaşmasının olduğunu əlavə edib:
“Vaşinqton üçün ən effektiv ssenari sabit, proqnozlaşdırılan və iqtisadi baxımdan açıq Venesueladır. Bu isə yalnız dialoq, tədrici islahatlar və daxili siyasi qruplar arasında konsensusla mümkündür. Proseslərin iqtidar dəyişikliyinə gətirib çıxarması yalnız daxili iqtisadi gərginliyin kəskinləşməsi, sosial narazılıqların artması və siyasi elitalar arasında parçalanma kimi faktorların üst-üstə düşməsi fonunda real görünə bilər. ABŞ hərbi variantı texniki olaraq istisna etməsə də, praktik və geosiyasi baxımdan belə addımın regionda yeni risklər doğuracağı aydındır. Buna görə də ən real perspektiv Venesuelada siyasi strukturun mərhələli transformasiyasıdır”.
Fidan Hacızadə
Sfera.az






