Rusiya-Ukrayna müharibəsinə görə birlik yaradılacaq? - AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi artıq illərdir davam edir və genişmiqyaslı beynəlxalq vasitəçilik cəhdlərinə baxmayaraq, davamlı sülhə nail olmaq mümkün olmayıb.
Rusiya-Ukrayna müharibəsinin həlli üçün qonşu və regional ölkələrdən ibarət yeni bir diplomatik birlik yaradılması mümkündürmü? Belə bir formatın ərsəyə gəlməsinə nə üçün cəhd edilmir?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli Ukrayna müharibəsinin həllinin hazırda dalana dirənmiş vəziyyətdə olduğunu deyib. O bildirib ki, Türkiyənin mövqeyinə görə, bu qarşıdurma yaxın zamanda nəticələnə bilər:

“Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ukrayna müharibəsi artıq son mərhələyə qədəm qoyub və qısa zamanda həllinin mümkün olacağı gözlənilir. Lakin əsas problem ondan ibarətdir ki, əslində bu müharibə çoxdan dayandırıla bilərdi. ABŞ Prezidenti Donald Tramp Rusiyaya son dərəcə əlverişli şərtlər təklif etsə də, Kreml həmin təklifləri qəbul etməyib. Çünki Moskva düşünür ki, bütün dünya Rusiyanın diktə etdiyi şərtlərlə razılaşmalıdır. Onların gözləntisi həm Ukraynanın, həm də Qərbin Rusiyanın irəli sürdüyü, mahiyyətcə kapitulyasiya aktına bənzər tələblər əsasında sülh sazişinə qol qoymasıdır. Bu şərtlərdən aydın olur ki, Rusiya neo-imperialist yanaşma sərgiləyir. Məhz buna görə də müharibənin dayandırılması mümkün olmur. Əsas maneə Rusiyanın mövqeyidir. Moskvanın yanaşması dəyişmədiyi müddətdə müharibənin bitməsi real görünmür. Hər hansı vasitəçi prosesə qoşulsa belə, nəticə əldə olunmur”.
Politoloq qeyd edib ki, artıq hər kəsə məlum olduğu kimi, Rusiyanın sülhə razılıq verməsinin yeganə yolu onun hərbi-siyasi və iqtisadi cəhətdən kifayət qədər zəifləməsidir:
“Kreml özünü məcbur hiss etmədiyi şəraitdə sülh sənədinə imza atmağa meyilli deyil. Hazırkı vəziyyətdə isə Rusiyanın zəifləməsi istiqamətində ciddi tendensiya müşahidə olunur, çünki Tramp administrasiyası Moskvaya qarşı çox sərt sanksiyalar tətbiq etməyə hazırlaşır. ABŞ Konqresində bununla bağlı hüquqi sənəd hazırlanır və prezident Tramp da onu təsdiqləmək niyyətində olduğunu bəyan edib. “Rosneft” və “Lukoil” kimi şirkətlərə qarşı tətbiq ediləcək məhdudiyyətlər Rusiyanın neft ixracını əhəmiyyətli dərəcədə bloklamaq gücündədir”.
E.Xalidbəyli eyni zamanda, Rusiya nefti alan bütün tərəflərin də sanksiyaların hədəfinə çevrilə biləcəyini, bunun da faktiki olaraq Rusiya neftinin satışının tam dayanması demək olduğunu əlavə edib:
“Son məlumatlara görə, Rusiya artıq nefti üçün alıcı tapmaqda çətinlik çəkir, çünki bir çox ölkələr sanksiya riskinə görə bu nefti almaqdan imtina edirlər. Bunun nəticəsində neftin qiyməti kəskin ucuzlaşıb və 36-40 dollar intervalına düşüb. Bu isə Rusiyanın büdcəsinə ciddi zərbə vurur. Mövcud şərait Kreml daxilində narahatlığı artırıb. Artıq Rusiya tərəfi ABŞ prezidenti Donald Trampla yenidən təmas qurmağa çalışır. Putin və Tramp arasında növbəti görüşün təşkili üçün cəhdlər edilir. Görünən budur ki, Rusiya getdikcə daha ağır vəziyyətə düşür və bu prosesin davam etməsi Moskvanın sülh sazişinə imza atmaq məcburiyyətində qalacağı bir mərhələ yaratmağa doğru gedir”.
Fidan Hacızadə
Sfera.az






