Vikipediya qurucusu studiyanı tərk etdi – “Bitdi!”

Vikipediyanın qurucusu Cimmi Uels cəmi bir dəqiqə davam edən müsahibə ilə gündəmə düşüb. O, ona ünvanlanan ilk sualdan narazı qalaraq studiyanı tərk edib.
Sfera.az xəbər verir ki, hadisə “YouTube” kanalının “Jung & Naiv” verilişində yayımlanan “Vikipediyanın təsis edilməsi haqqında… söhbət” adlı videoda qeydə alınıb.
Müsahibə sakit və müsbət atmosferlə başlayıb: jurnalist Cimmi Uelsi salamlayıb və onun özünü təqdim etməsini xahiş edib. Uels qısa şəkildə “Mən Vikipediyanın qurucusu Cimmi Uelsəm” cavabını verib.
Aparıcı isə dərhal arxasınca sual yönəldib: o, Uelsin Vikipediyanın təsisçisi, yoxsa həmtəsisçisi olduğunu soruşub. Sualın səbəbini izah etməyə başlayan jurnalistin sözünü Uels kəsib və sualı “dünyanın ən axmaq sualı” adlandırıb.
Jurnalist mövzu ilə bağlı müzakirələrin olduğunu bildirdikdə, Uels belə bir mübahisənin gerçək olmadığını deyib: “Fərqi yoxdur. Necə istəyirsiniz, elə də adlandırın. Mənə təsiri yoxdur”.
Aparıcı daha sonra bunun Vikipediya üçün problem yaradıb-yaratmadığını və statusunun faktlarla dəstəklənib-dəstəklənmədiyini soruşub. Uels isə bunun fakt yox, fikir məsələsi olduğunu təkrarlayıb.
Jurnalist “Amma siz özünüzü təsisçi hesab edirsiniz” deyə əlavə etdikdə, Uelsin narazılığı daha da artıb. O, eyni suala artıq dəfələrlə cavab verdiyini vurğulayaraq “bitdi” deyib, heyətə təşəkkür edib və kameradan uzaqlaşıb.
Jurnalist nəyin baş verdiyini soruşduqda isə Cimmi Uels kəskin şəkildə “Bu cəfəngiyatdır. Mənə axmaq suallar verməyin” cavabını verib.
Aynil






