Almaniya İsrailə qoyduğu qadağanı aradan qaldıracaq

Almaniya hökuməti İsrailə qarşı 8 avqust tarixindən tətbiq etdiyi silah ixracı məhdudiyyətini 24 noyabrda qüvvədən çıxaracağını açıqlayıb.
Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, hökumət sözçüsü Stefan Kornelius DPA-ya verdiyi açıqlamada bildirib ki, həmin tarixdə qüvvəyə minmiş qadağa “dəyişən şərtlər” səbəbilə artıq etibarlı sayılmır. Kornelius, qərarın əsas səbəblərindən birinin 10 oktyabrdan etibarən davam edən atəşkəs olduğunu qeyd edib.
Onun sözlərinə görə, hökumət bölgədəki vəziyyəti nəzərdən keçirərək məhdudiyyətlərin aradan qaldırılması barədə qərara gəlib. Almaniya qanunlarına görə, müharibə və böhran bölgələrinə silah satışına ümumi qadağa mövcuddur, lakin İsrail və Ukrayna kimi xüsusi istisnalar tətbiq edilə bilir. Qəzzada davam edən münaqişə səbəbilə Almaniyada hökumətə silah ixracına son qoyulması yönündə ciddi ictimai təzyiq yaranmışdı.
Kilsə qurumları da daha əvvəl İsrailə silah göndərilməsinə qarşı xəbərdarlıqlar etmişdi. Keçən həftə Berlin İnzibati Məhkəməsi ixrac qadağası tələb edən bir neçə fələstinlinin iddiasını rədd etmişdi. Eyni zamanda, Nikaraqua 1 mart 2024-cü ildə Almaniyanı İsrailə siyasi, hərbi və maliyyə dəstəklə “soyqırımı asanlaşdırmaqda” ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi.
Məhkəmə qərarında soyqırım və digər müharibə cinayətlərinin baş verdiyi bölgələrə silah göndərən dövlətlərin məsuliyyət daşıya biləcəyi qeyd olunurdu.
Bəsti Rəfizadə
Sfera.az






