ABŞ-dən qəribə qərar: "Yeni viza tələbi ayrı-seçkilik yaradır”

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, Dövlət Departamenti ABŞ konsulluqlarına şəkərli diabet, piylənmə və bir sıra digər xroniki xəstəlikləri olan şəxslərə viza verilməsini məhdudlaşdıran yeni təlimatları təsdiqləyib.
Bu qərarın insan hüquqları normaları ilə nə qədər uyğun olduğu isə əsas müzakirə mövzularından birinə çevrilib.
Hüquqşünas Ramil Süleymanov Sfera.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə beynəlxalq hüquqa görə, dövlətlər miqrasiya qaydalarını müəyyən etməkdə, o cümlədən ölkələrinə turist və vətəndaşlıq üçün müraciət edən şəxslərə, qaydalar müəyyən etməkdə, tamamilə sərbəstdir.
Onun sözlərinə görə, bu, bir kateqoriya şəxslərin ayrı seçkiliyə məruz qalması kimi görünür:
“Nəticə etibarilə, dövlətlər bu formada qaydalar tətbiq etməklə, hətta özlərinin daxilində hərəkətlənməni görə bilərlər”.

Hüquqşünas qeyd etdi ki, şəkərli diabet, piylənmə və digər bu kimi xroniki xəstələr qətiyyən yoluxucu xəstəliklər hesab olunmurlar:
“Yalnız o halda məntiqli və ağlabatan olardı ki, bu xəstəliklərlə insanlar bir-birlərini yoluxdurmuş olsunlar. Ona görə də, sırf yolxucu xəstəliklərə münasibətdə, qadağaların və məhdudiyyətlərin tətbiq olunması daha ağlabatan və mümkün ola bilərdi”.
Müsahibimiz vurğuladı ki, bu, həmin xroniki xəstə olan şəxslərin hüquqlarını kobud şəkildə pozulması və onların ayrı seçkiliyə məruz qalmasıdır:
“Bununla da bağlı, yalnız və yalnız ictimai təşkilatlar Amerikanın daxilində məhkəmə iddiaları qaldıra bilərlər”.
Niyaz Hacıyev
Sfera.az






