Ukraynaya qış dəstəyi - 500 milyon dollar ayrılacaq

NATO-ya üzv səkkiz ölkə Ukrayna üçün yeni hərbi yardım paketi formalaşdırıb. Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin daxil olduğu 500 milyon dollarlıq paket ABŞ-dən alınacaq silah və sursatın maliyyələşdirilməsini nəzərdə tutur.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, NATO-nun yaydığı məlumatda bildirilir ki, yardım “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” (PURL) çərçivəsində həyata keçiriləcək və xüsusilə qış aylarında tələb olunan kritik hərbi avadanlığın təmininə yönəlib.
Açıqlamada NATO Baş katibi Mark Ruttenin fikirlərinə də yer verilib. O bildirib ki, Şimal və Baltik ölkələrinin yeni paketi maliyyələşdirməsi Ukrayna üçün mühüm addımdır:
“Şimal və Baltik müttəfiqlərimizin Ukrayna üçün kritik hərbi təchizatı öz üzərinə götürməsi əhəmiyyətli qərardır. Qış şəraitinin ağırlaşdığı bu vaxtda göndəriləcək avadanlıq həyati rol oynayır”.
Rutte əlavə edib ki, PURL çərçivəsində tədarüklər davam edir və müttəfiqlər Ukraynaya həyati önəm daşıyan avadanlıq və material təminatını sürdürəcək.
Bəsti Rəfizadə
Sfera.az






