Qəzzada müvəqqəti idarəetmə: ABŞ planı BMT-də müzakirədə

ABŞ noyabrın əvvəlindən BMT Təhlükəsizlik Şurasında Prezident Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planını dəstəkləyən qətnamə layihəsini müzakirə edir.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, noyabrın əvvəlindən Vaşinqton beynəlxalq sabitləşdirmə qüvvələrini nəzərdə tutan sənəd üzrə konsensusa nail olmaq üçün Təhlükəsizlik Şurasının üzvləri və tərəfdaşları ilə Nyu-Yorkda intensiv danışıqlar aparır. Məqsəd qəzzalılar üçün sabit, təhlükəsiz və sülhpərvər gələcək təmin etməkdir. ABŞ-ninBMT-dəki Daimi Nümayəndəliyi Şuranı bu “tarixi imkan”dan istifadə edərək layihəni dəstəkləməyə və Yaxın Şərqdə davamlı sülhə yol açmağa çağırıb. Bildirilib ki, sənəd Trampın təqdim etdiyi sülh planının tamamlanmasına xidmət edir.
Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev ABŞ prezidenti Donald Trampın Qəzzadakı münaqişənin həllinə dair “hərtərəfli planını” açıqlayıb. 20 bənddən ibarət sənəddə anklavda müvəqqəti xarici idarəetmənin tətbiqi və beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulur. Oktyabrın 9-da tərəflər planın birinci mərhələsinin icrasına dair saziş imzalayıb və oktyabrın 10-da Qəzzada atəşkəs qüvvəyə minib.
Niyaz Hacıyev
Sfera.az






