Rusiyanın müharibə planı: Reallaşması nə qədər vaxt aparacaq?

Qərb nəşrləri yazır ki, Rusiya–Ukrayna müharibəsinin gedişatında Moskvanın əsas məqsədi yalnız taktiki deyil, strateji ərazi nəzarətini tam təmin etməkdir. Kremlin bu məqsədə çatmadan hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığı bildirilir.
Eyni zamanda Qərb mediası yazır ki, ABŞ-nin Ukraynaya əvvəlki qədər dəstək verməməsi də bu vəziyyətlə bağlıdır.
Rusiyaya hədəfinə çatmaq üçün, yəni nəzərdə tutduğu torpaqların işğalı üçün nə qədər vaxt lazımdır?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Moskva hərbi əməliyyatları yalnız strateji baxımdan önəm verdiyi əraziləri tam nəzarətə götürdükdən sonra dayandırmaq niyyətindədir:
“Bu yanaşma həm Rusiya rəhbərliyinin ritorikasında, həm də son aylarda cəbhə xəttində müşahidə olunan taktiki dəyişikliklərdə öz əksini tapır. ABŞ və ümumilikdə Qərbin Kiyevə yetərli səviyyədə və davamlı dəstək verməməsi də Rusiyanın daha geniş logistik və hərbi manevr imkanları əldə etməsinə şərait yaradıb. Məhz buna görə bəzi ekspertlər müharibənin gedişatının artıq Ukraynanın müqavimət gücündən çox, Qərbin siyasi iradəsi və yardım tempindən asılı olduğunu vurğulayırlar”.

Politoloq Rusiyanın nəzərdə tutduğu əraziləri tam işğal etməsi üçün lazım olacaq vaxtın bir sıra amillərdən asılı olduğunu qeyd edib.
Onun fikrincə, ilk növbədə Moskvanın hədəfi Donetsk və Luqansk vilayətlərinin bütün sərhədlərini, eləcə də Zaporojye və Xersonun nəzarətdən kənarda qalan hissələrini ələ keçirməkdir:
“Bu ərazilər uğrunda döyüşlərin intensivliyi və Ukraynanın müdafiə potensialı zamanın uzanmasına təsir göstərən əsas faktorlardır. Müharibənin hazırkı mərhələsində Rusiya tədricən irəliləyir və irəliləyiş hərbi balansın necə dəyişəcəyindən asılı olaraq aylar və ya illər tələb edə bilər. Əgər Qərbin dəstəyi əvvəlki səviyyədə davam etməzsə, Moskvanın bu hədəflərə daha tez çatması mümkündür. Əks halda, Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi Rusiyanın əməliyyat tempini ciddi şəkildə ləngidə bilər. Buna görə də dəqiq zaman çərçivəsi söyləmək mümkün olmasa da, prosesin qısa müddətdə bitəcəyi real görünmür və müharibənin orta müddətli perspektivdə davam edəcəyi ehtimal olunur”.
Fidan Hacızadə
Sfera.az






