Cənubi Koreya nüvə reaktorlarından imtina etməyəcək

Cənubi Koreya hökuməti ölkənin ən köhnə atom reaktoru olan “Kori-2”nin istismar müddətini daha 10 il artırmaq haqqında qərar verib.
Sfera.az xəbər verir ki, “Yonhap” xəbər agentliyinin məlumatına görə, Nüvə Təhlükəsizliyi və Təminatı Komissiyasının qərarı dövlətə məxsus “Kore Hidroelektrik və Nüvə Enerjisi Şirkəti”nin fəaliyyət müddətini uzatmağı planlaşdırdığı doqquz digər reaktor üçün də presedent yaradacaq.
Cənubi Koreyanın cənub-şərq sahilində yerləşən “Kori-2” reaktoru 1983-cü ildə kommersiya fəaliyyətinə başlayıb. O, 40 illik istismardan sonra iki il əvvəl bağlanmışdı. Həmin ərazidəki “Kori-1” və “Wolsong-1” reaktorları isə artıq daimi olaraq istismardan çıxarılıb.
Prezident Li Cae Myun hökuməti bərpa olunan enerji mənbələrinə investisiyaları davam etdirsə də, sənaye dairələri süni intellekt texnologiyalarının artırdığı elektrik tələbatı fonunda enerji qıtlığından narahatdır.
Hazırda Cənubi Koreyada 26 nüvə reaktoru fəaliyyət göstərir və onların ümumi gücü 25 min 609 meqavatdır. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, ölkə 2024-cü ildə 188 min 754 giqavat-saat elektrik enerjisi istehsal edib.
Bəsti Rəfizadə
Sfera.az






